2018-ci il mayın 24-də Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan gecəsi keçirilib.
Tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş foto və video materiallardan ibarət sərgi nümayiş etdirilib.
“Opera” salonunda təşkil olunmuş ziyafətdə Əməkdar artist İsfar Sarabskinin və tarzən Şəhriyar İmanovun ifasında musiqi proqramı təqdim olunub.
Tədbir çərçivəsində ziyafət və sərgi salonlarında böyük ekranda ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən bəhs edən sənədli film nümayiş olunub.
Qonaqlara Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, mətbəxinə dair nəşrləri hədiyyə edilib.
Mayın 25-də Fransa Beynəlxalq Diplomatiya Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfrans keçirilib.
Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən film nümayiş etdirilib.
Tədbirdən sonra iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş foto və video materiallardan ibarət sərgi ilə tanış olublar. Birinci respublikanın təsisçilərinin görüşlərini, Müstəqillik Bəyannaməsini əks etdirən sərgi tədbir iştirakçılarının marağına səbəb olub.