2018-ci il noyabrın 19-20-də Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı” keçirilib.
Festivalın məqsədi Şərqin dahi şair və mütəfəkkirlərindən biri olan İmadəddin Nəsiminin yaradıcılığını təbliğ etmək və iki ölkə arasında mədəni-ədəbi əlaqələri genişləndirməkdir.
Noyabrın 19-da festival çərçivəsində Moskva Beynəlxalq Əlaqələr İnstitutunda İmadəddin Nəsiminin büstünün açılış mərasimi olub. Açılış zamanı Nəsimi poeziyasından müxtəlif nümunələr də səsləndirilib.
Noyabrın 19-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfransın açılışı olub.
Çıxışlarda İmadəddin Nəsiminin Azərbaycan poeziyasının inkişafında oynadığı roldan, dünya mədəniyyəti və ədəbiyyatına verdiyi töhfədən bəhs olunub. Tədbirdə MDU-nun tələbələri Nəsiminin şeirlərini müxtəlif dillərdə səsləndirib, Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər. Azərbaycan aktyorlarının ifasında “Mərhaba” adlı musiqili-poetik tamaşa təqdim edilib.
Noyabrın 20-də konfrans işini davam etdirib. Tədbirdə “Nəsimi festivalı: ideoloji-mədəni irsin dinamik interpretasiya təcrübəsi”, “Nəsimi və Yan Qus. Şərq və Qərbin mədəni birliyi”, “Nəsiminin dili – dünən, bu gün, sabah” və digər mövzularda məruzələr edilib. Konfransda Nəsimi yaradıcılığını, şairin ədəbi-fəlsəfi irsini müxtəlif aspektlərdən təhlil edən çıxışlarla yanaşı, müasir gəncliyin mənəviyyatı, iki ölkənin gəncləri arasında əlaqələrin inkişafına dair müzakirələr də aparılıb.