2018-ci il dekabrın 14-də Heydər Əliyev Fondunun və ölkəmizin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfrans, sərgi və rəsmi qəbul keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Sonra nümayəndə heyəti Tbilisidəki Botanika bağında olub, buradakı köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarlarını ziyarət ediblər.
Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən film nümayiş olunub.
Tədbir çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi təşkil edilib. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair foto və sənədlər, video və audiomateriallar nümayiş etdirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə rəsmi qəbul da keçirilib.