Azərbaycan Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Venesiyada Beynəlxalq Arxitektura Biennalesində iştirak edib.
Biennale “İntellekt. Təbii. Süni. Kollektiv” (“Intelligens. Natural. Artificial. Collective”) mövzusunu əhatə edərək iqlim dəyişikliklərinə diqqəti artırmaq məqsədi daşıyıb. Ölkəmiz burada “Tarazlıq. Azərbaycanın motivləri” (“Equilibrium. Patterns of Azerbaijan”) adlı pavilyonla təmsil olunub. Milli pavilyonumuzda “Yenidənqurma. İnnovasiya. Qorunma” başlığı altında üç memarlıq nümunəsi – Bakı Ağ Şəhər, Zəfər parkı və Zəngilan məscidi layihələri təqdim edilib.
Bakı Ağ Şəhər layihəsi qabaqcıl və müasir şəhərsalma layihələrindən biri olaraq müasir texnologiya və kollektiv səylərlə sənaye keçmişindən dayanıqlı və yenidən qurulmuş yaşıl gələcəyə keçidi təcəssüm etdirir.
8 Noyabr Qələbəsinin rəmzi olan, əzəmətli görünüşə sahib Zəfər parkı isə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsini əbədiləşdirir və milli rifah üçün həmrəy olan xalqımızın əzmini nümayiş etdirir.
Qarabağ memarlıq üslubunda inşa edilən Zəngilan məscidi isə öz növbəsində, təbiətlə memarlığın, bu günlə gələcəyin sintezini simvolizə edir.
Pavilyonumuzda ömrünü, zəkasını xalqına, millətinə həsr etmiş XII əsrdə yaşayıb yaradan Naxçıvan memarlıq məktəbinin banisi, dünyaşöhrətli memar Əcəmi Naxçıvani haqqında da məlumatlar təqdim olunub.