Bakının Xətai rayonunda yerləşən Tahir Bağırov adına 59 saylı tam orta məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.
Məktəbin 1936-cı ildə inşa olunan binası köhnəldiyindən və istifadəyə tam yararsız olduğundan 2024-cü ildən məktəbin əsaslı təmiri və yenidən qurulması işləri həyata keçirilib. 2025-ci ildə təhsil müəssisəsi istifadəyə verilib.
Məktəbin 4 mərtəbəli korpusu 1036 yerlikdir. Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, müasir STEAM mərkəzi, hərbi təlim, tibb, müəllimlər, texnologiya otaqları, kitabxana, yeməkxana, akt, idman, gimnastika zalları, açıq ministadion və idman meydançası qurulub.
2 mərtəbəli korpus isə 348 yerlikdir. Bu ibtidai korpus binasında 20 sinif, informatika və digər otaqlar, yeməkxana, idman zalı var. Məktəb, həmçinin zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.
Ərazidə yeni açıq idman meydançaları inşa olunub, binada yanğından təhlükəsizlik sistemləri qurulub.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.