Bakının Nərimanov rayonunda yerləşən 11 saylı xüsusi təhsil məktəbinin yeni binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. 2018-ci il oktyabrın 23-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin yeni binasının açılışında iştirak edib.
11 saylı xüsusi təhsil məktəbi 1937-ci ildən fəaliyyət göstərir. Bu təhsil ocağının köhnə binası 1897-ci ildə inşa edilib. Heydər Əliyev Fondu tərəfindən aparılan monitorinq nəticəsində məktəb binasının təhsilə tam yararsız olduğu aşkar edilib və Nərimanov rayonunda məktəb üçün yeni binanın inşasına qərar verilib.
Təhsil müəssisəsinin binasının ümumi sahəsi 4 min kvadratmetrdən çoxdur. Burada 21 sinif otağı, psixoloq, defektoloq, həkim otaqları, idman və akt zalları, yeməkxana var. Eyni zamanda, burada uşaqların istifadəsi üçün kitabxana yaradılıb.
Məktəbin üçmərtəbəli binası 250 şagird yerlikdir. Məktəbdə 289 müəllim çalışır və onlar autizm, Daun sindromlu, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Ümumtəhsil proqramını mənimsəyə bilməyən şagirdlər də il ərzində aşkarlanaraq bu məktəbə yönləndirilir.
Məktəbin həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zonası yaradılıb, istirahət köşkləri qurulub.