2015-ci il iyulun 9-da “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Milli gün” çərçivəsində Azərbaycan incəsənət ustalarının konserti təşkil olunub.
“Milan Expo” ərazisindəki Auditorium zalında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin iştirakı ilə keçirilən konsert proqramında xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, əməkdar artistlər Afaq Abbasova, Nigar Şabanova, gənc skripkaçı Elvin Qəniyev çıxış ediblər.
Konsert proqramı Azərbaycan milli pavilyonu qarşısında “Natiq” ritm qrupunun ifasında milli ritmlərin təqdimatı ilə davam edib. Burada, həmçinin xalq artisti Afaq Məlikovanın bədii rəhbərliyi ilə Dövlət Rəqs Ansamblının, pəhləvanlarımız – Haldun Loğmanov və Seyhun Loğmanovun çıxışları olub. Xanəndələr Arzu Əliyeva və İlkin Əhmədovun ifasında muğam musiqimizin təqdimatı olub. Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib.
Pavilyondakı “IDEA-Biomüxtəliflik parkında” quraşdırılan monitorda ziyarətçilərə Azərbaycan haqqında və ölkəmizin bu günlərdə ev sahibliyi etdiyi “Bakı-2015” birinci Avropa Oyunları barədə videoçarxlar nümayiş etdirilib.
Milli pavilyonda Azərbaycan mədəniyyətinin təqdimatına həsr olunan proqramda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, “Milan Expo 2015”də təmsil olunan digər ölkələrin pavilyonlarının nümayəndələri, İtaliyanın ictimai xadimləri iştirak ediblər.