2015-ci il iyulun 15-də Kannda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində “Azərbaycan musiqi gecəsi” təşkil olunub.
Kannın Festivallar sarayında keçirilən gecədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fransanın tanınmış ictimai-siyasi xadimləri, Kann şəhər rəhbərliyi və digər nüfuzlu qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı fotosərgi ilə tanış olublar. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycanla bağlı nəşrləri təqdim edilib.
Konsertdə tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab və onun caz qrupu, eləcə də Azərbaycan incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olunub.