30 iyul–5 avqust 2016-cı ildə Qəbələdə VIII Beynəlxalq Musiqi Festivalı keçirilib.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan, Avstriya, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.
İyulun 30-da Qəbələdə Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq havada quraşdırılan möhtəşəm səhnədə festivalın rəsmi açılış mərasimi olub. Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Festival çərçivəsində avqustun 2-dən 5-dək Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsi keçirilib.
Müsabiqədə birinci yeri azərbaycanlı pianoçu Vurğun Vəkilov və rusiyalı Anna Kavalerova tutublar. İkinci yerə isə azərbaycanlı və rusiyalı pianoçular – Tofiq Şıxıyev ilə Yevgeniya Antonova çıxıblar. Musiqi yarışmasında üçüncü yeri tutan olmayıb. Rəşid Behbudov və Atabala Manafzadə müsabiqədə digərlərindən fərqli ifalarına görə diplomla təltif olunublar. Qaliblərə və fərqlənənlərə pul mükafatları verilib.
Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilib. Festivalın keçirildiyi açıq səhnədə və kamera zalında dünya şöhrətli musiqiçilərlə yanaşı, gənc ifaçılar da çıxış ediblər. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunub.
Festival Q. Qarayevin və C. Hacıyevin “Vətən” operasından Mərdanın ariyası və M. Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.