2017-ci il noyabrın 7-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubiley gecəsi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yubiley gecəsində iştirak edib.
Tədbir Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.
Heydər Əliyev Fondu yubileylə əlaqədar Xalq artisti Tofiq Quliyevin yaradıcılığına həsr olunan “Musiqidə döyünən ürək” adlı multimedia toplusu hazırlayıb.
Yubiley gecəsindən əvvəl Heydər Əliyev Mərkəzinin foyesində multimedia toplusunun təqdimat mərasimi keçirilib.
Şəxsi və dövlət arxivlərinin materialları əsasında hazırlanan toplu Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında kitab-albomdan, bəstəkarın bədii filmlər üçün mahnıları, fortepiano üçün əsərləri, indiyədək səslənməmiş simfonik orkestr üçün əsərlərindən ibarət dörd cildlik not kitabları, 212 əsəri özündə cəmləşdirən fleş-kart dəstindən ibarətdir.
Tofiq Quliyevin ömür yolundan və yaradıcılığından bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilib.
Konsert proqramında bəstəkarın müəllifi olduğu mahnılar, kinofimlərə yazdığı instrumental musiqilər, caz musiqiləri, simfonik orkestr üçün əsərləri ifa olunub.