Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə “Muğam aləmi” (“Space of Mugam”) 6-cı Beynəlxalq Musiqi Festivalı keçirilib.
Festival çərçivəsində Bakının müxtəlif mədəniyyət ocaqlarında, həmçinin Şuşanın tarixi məkanlarında müxtəlif tədbirlər - müsabiqə, mühazirə və təqdimatlar, konsertlər, sərgi və simpoziumlar, 24 saat ərzində canlə muğam marafonu təşkil edilib.
Festival çərçivəsində xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib.
Müsabiqəyə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı qatılmışdı. Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib. Seçimlər ikinci tura vəsiqə qazanmış 10 iştirakçı arasında aparılıb.
Münsiflərin yekdil rəyinə əsasən, müsabiqənin xanəndəlik kateqoriyasında Qran-pri mükafatına Mohiçehra Şahmurotova (Özbəkistan) layiq görülüb. Birinci yeri Mirəli Sarızadə (Azərbaycan), ikinci yeri Daşqın Kürçaylı (Azərbaycan), üçüncü yeri isə Dostmurod Negmurodov (Özbəkistan) tutublar.
İnstrumental ifaçılıq kateqoriyasında isə Qran-pri mükafatına Vaqif Təhməzov (Azərbaycan) layiq görülüb. Bu kateqoriyada 1-ci yerə Anar Vəlizadə (Azərbaycan), 2-ci yerə Shoxijohan Yoriev (Özbəkistan), 3-cü yerə isə Cahandar Mikayılov (Azərbaycan) sahib olublar.
İyunun 25-də Heydər Əliyev Mərkəzində “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının yekun konserti olub. Konsert zamanı Beynəlxalq Muğam Müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.