2012-ci il oktyabrın 19-dan noyabrın 12-dək Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransanın Reyms, Şalon-an-Şampan, Niort, Konyak, Romorantən-Lantenay şəhərlərində Azərbaycanın mədəniyyət və incəsənətinə həsr olunmuş sərgi və konsertlər təşkil olunub.
Azərbaycanı Fransada tanıtmaq, zəngin tarixi və mədəni dəyərləri barədə fransızlarda daha geniş təsəvvür yaratmaq, iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə məqsədi ilə keçirilən tədbirlərdə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar – misgərlik məmulatları, şəbəkələr, Azərbaycan milli geyimləri, milli musiqi alətləri, Azərbaycan xalçaları və xalq incəsənətinin digər istiqamətlərinə dair nümunələr sərgilənib, ölkəmizin təbliği məqsədilə fransız dilində nəşr edilmiş kitab və bukletlər, Azərbaycan ədəbiyyat nümunələri təqdim olunub. Mərasimlərdə incəsənət ustalarının ifasında Azərbaycan musiqisi səslənmiş və rəqs kollektivlərinin ifasında milli rəqslər təqdim olunmuşdur.
Layihə ilə bağlı ilk tədbir 2012-ci il oktyabrın 19-da Reims şəhərində keçirilib. Mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Reyms şəhərinin meri xanım Adelin Hazan iştirak ediblər.
Sərginin açılışı münasibətilə Reyms Konservatoriyasında Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olub.