2013-cü il yanvarın 14-də Heydər Əliyev Fondunun və Müasir İncəsənət Muzeyinin birgə layihəsi əsasında Nizami rayon 1 nömrəli uşaq evinin sakinlərinin əl işlərindən ibarət “Bacarıqlı əllərin böyük işləri” adlı sərgi açılıb.
Müasir İncəsənət Muzeyində keçirilən açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan sərgidə 10-18 yaşlı 30 istedadlı uşağın ümumilikdə 140 əl işi nümayiş olunub. Sərgilənən işlərdə Azərbaycan təbiətinin gözəllikləri, xalqımızın başına gətirilmiş faciələr, qədim tarixi abidələrimiz, nağıl qəhrəmanları və digər mövzular öz əksini tapıb.
Sərgi yanvarın 28-dək davam edib.