2013-cü il iyulun 4-də Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılışı olub.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan iştirak ediblər.
Festivallar sarayının sərgi salonunda təşkil edilən sərgidə milli geyimlərimiz, qədim misgərlik nümunələrimiz, milli musiqi alətlərimiz, Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi nümayiş etdirilib, Heydər Əliyev Fondunun müxtəlif nəşrləri təqdim olunub.
Sərginin “Hisslər” adlanan bölməsində tanınmış fırça ustalarımız müasir Azərbaycan incəsənətinin nümunələrini təqdim ediblər.
Axşam Kannda Azərbaycan mədəniyyət günlərinin rəsmi açılışı münasibətilə ziyafət verilib.