2018-ciil fevralın 5-dən 9-dək Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin və Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin təşkilatçılığı ilə Dövlət Dumasının binasında Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi keçirilib.
Sərginin konsepsiyası Azərbaycanın zəngin tarixə malik olan qədim, eyni zamanda, sürətlə inkişaf edən ölkə olduğunu göstərmək üzərində qurulub. Eyni zamanda, sərgidə iki ölkə arasında dostluq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq, mədəni və iqtisadi əlaqələrin sürətli inkişafını əks etdirən eksponatlar nümayiş etdirilib.
Bir neçə bölmədən ibarət sərgidə ziyarətçilər Azərbaycan həqiqətlərinə, mədəniyyətinə dair eksponatlarla, foto və video materiallarla tanış olublar. İnformasiya bölməsində Azərbaycan haqqında bukletlər, broşürlər, turizm xəritələri, ölkəni ziyarət etmək imkanları, viza alınması, aviauçuşların və turların təşkili barədə məlumatlar, Bakının “Ekspo 2025”ə namizəd şəhər olması ilə bağlı materiallar təqdim edilib. Burada, həmçinin Azərbaycanın turizm potensialı barədə məlumatlar yer alıb. Stenddə Azərbaycanın milli suvenir brendi olan “I love Baku”nun ölkəmizə aid müxtəlif suvenirləri də yer alıb.
Ekspozisiyanın “Azərbaycan inciləri” bölməsində qədim milli xalçalarımız, misgərlik nümunələri, ənənəvi şəbəkə sənəti, sərgi üçün hazırlanmış milli geyimlər, musiqi alətləri nümayiş olunub. Ziyarətçilərə tarix və mədəniyyətimizə dair artefakt nümunələri də təqdim edilib. Ölkənin hər bir bölgəsinə xas milli geyimlər rəng, naxış və biçimi ilə fərqlənib.
Sərgiyə gələnlərə məlumat verilib ki, musiqi Azərbaycan incəsənətinin və mədəniyyətinin mühüm tərkib hissəsidir. Əsrlər boyunca musiqi Azərbaycan xalqının həyatında baş vermiş mühüm hadisələri əks etdirib. Azərbaycanda aşıq sənəti min illərdir yaşayır. 2008-ci ildə muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib. Milli musiqi alətləri sırasında saz, tar, kamança, balaban və s. xüsusi yer tutur. Bu bölmədə quraşdırılan monitorlarda videomateriallar nümayiş olunub.
“İstirahət və kitabxana” bölməsi Şərq üslubunda quraşdırılıb. Kitabxanada ziyarətçilər Azərbaycan tarixi və mədəniyyətinə dair nəşrlərlə tanış olublar. Bu bölmədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Rusiyada işlədiyi dövrləri, bu ölkəyə səfərlərini əks etdirən materiallar xüsusi maraq doğurub. Burada, həmçinin Rusiyada şöhrət qazanmış və Rusiya tarixində iz qoymuş azərbaycanlılara həsr olunan stend yaradılıb.
“Azərbaycanın tarixi” bölməsində isə qədim tariximiz və bu günümüz, multikulturalizm ənənələri, Azərbaycan-Rusiya münasibətlərinə dair materiallar, o cümlədən videomateriallar yer alıb.