2018-ci il sentyabrın 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Sərgi Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində reallaşıb.
Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.
Sərgidə 12 ölkədən 27 incəsənət nümayəndəsinin məişət tullantılarından istifadə olunaraq hazırlanmış sənət nümunələri nümayiş etdirilib.
Sərgi çərçivəsində Paraqvayın məşhur “Recycling” orkestri konsert proqramı təqdim edib. Uşaq və yeniyetmələrdən ibarət bu orkestrin unikal cəhəti tullantılardan təkrar emal olunmuş musiqi alətlərindən istifadə etməsidir.