“Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb. Kolleksiya 8 il ərzində ərsəyə gəlib.
Qədim sənətə yeni nəfəs verən kolleksiyada “Yaranış”, “Şikargah”, “Xan ovu”, “Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva, “Ağaclı”, “Narlı“, “Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, “Cənnət quşları” və “Cənnət bağı” dəstxalı - gəbələri yer alıb. Kolleksiyadakı xalçaların hər biri naxışları, ornamentləri vasitəsilə öz mesajlarını çatdırır. “Yaranış” əsərində isə xammalın hazırlanmasından xalçanın tam ərsəyə gəlməsinə kimi bütün mərhələlər parlaq bədii dillə öz əksini tapıb.
Yeni kolleksiyanın yaradılmasında Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadə başda olmaqla 6 rəssam və 14 toxucu iştirak edib. Təbii boyalarla rənglənən xalçalar ipək və yundan toxunub. Burada 170 rəng və çalarlardan istifadə olunub. Müxtəlif rəng çalarlarının əldə olunması üçün toxucular saç kimi nazik ipək ipləri açaraq bir neçə rəngdən yeni bir ip yaradıblar. Xalçaların ərsəyə gəlməsində ecazkar Şəki Xan Sarayı, Şəkixanovların evi, şəbəkələr, təbiətdən gələn naxışlar, zəngin flora və faunamız, təkəlduz tikmələri, zərif zərgərlik məmulatları tükənməz ilham mənbəyi olub, ilmə-ilmə xalçalarda əbədiləşərək öz əksini tapıb.
“Azərbaycan xalçası-ilmələrin rəqsi” kolleksiyasına daxil olan əsərlər barədə ətraflı məlumat eyniadlı kitabda yer alıb.