Şəki Xan məscidi kompleksi

  • Layihə
  • Foto


Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.

 

Tarixi Şəki Xan məscidində bərpa işlərinə 2021-ci ilin may ayından başlanılıb. Bərpa işləri Dövlət Turizm Agentliyinin sifarişi ilə Memarlıq və İnşaat Universiteti tərəfindən hazırlanan layihə əsasında aparılıb. Məscidin 21 metrlik minarəsi bişmiş kərpic və əhəng məhlulundan istifadə edilməklə inşa olunub. Burada eyvana qalxmaq üçün dairəvi pilləkən var. Məscidin ön fasadında olan tağvari eyvan isə məscidə xüsusi gözəllik verir.

 

Bərpa işləri zamanı iqlim təsirinə görə yararsız hala düşən kərpiclər yeniləri ilə əvəzlənib, yeri bişmiş kərpiclə yenidən döşənib. Minarədə olan kərpicləri eroziyadan mühafizə etmək üçün xüsusi materiallarla izolyasiya qatı yaradılıb. Eyni zamanda, məscidin ilkin tikintisi zamanı olan pəncərələr və Məhəmmədhüseyn xanın istifadə etdiyi qapı bərpa edilib. Memarların rəyi əsasında yerli memarlıq atributlarından olan şəbəkədən istifadə edilməklə pəncərələrdən ikisinin əvvəlki görüntüsü qaytarılıb.

 

Məscid tavanının fotosu olmadığından Dövlət Turizm Agentliyinin və layihəçilərin birgə qərarı əsasında Gödək minarə məscidi və Şəki Xan Sarayının tavanında olan şəbəkə quruluşunda yeni tavan yığılıb. Binanın daxili və xarici divarları 1961-ci ilin fotoları əsas götürülərək bərpa olunub.

 

Məscidin həyətindəki köhnə su hovuzunun əvəzinə yeni hovuz inşa olunub. Həyətdəki Xan çinarları və digər ağaclar ətrafında mühafizə zonası yaradılıb. Layihəyə uyğun olaraq məscid ərazisində xeyir-şər evi, dəstəmazxana, inzibati otaqlar tikilib. Məscidin qədim giriş darvazası və pilləkənləri, o cümlədən onun cənubunda yerləşən Xan qəbiristanlığındakı qəbir daşları bərpa edilib.

 

Məscid kompleksinin ərazisində muzey də yaradılıb. İki mərtəbədən ibarət muzeydə Şəki xanlığı dövrünə aid fərqli eksponatlar, müxtəlif mənbələrdən toplanan maddi-mədəniyyət nümunələri təqdim olunur. Muzey əyani şəkildə Şəki xanlığının yaranmasının, formalaşmasının milli dövlətçilik tariximizdə xüsusi yerini nümayiş etdirir.

 

Muzeyin birinci mərtəbəsində Şəki xanlığı dövrünə aid mis qablar, milli geyimlər, zərgərlik məmulatları, XVIII əsr Şəki tacirlərinin evlərini bəzəyən divar güzgüləri, Şəki adət-ənənəsi üzrə onların qarşısına qoyulan mücrülər, Şəkinin kəlağayı sənətinə aid nümunələr sərgilənir. Elektron lövhədə Azərbaycan və ingilis dillərində Şəki xanlığının tarixi, xanlığın siyasi, sosial-iqtisadi həyatı, mədəniyyəti və Şəki xanları barədə məlumatlar çatdırılır.

 

İkinci mərtəbədə Şəki xalçası, müxtəlif xalçaçılıq ləvazimatları, Əbdüllətif Əfəndinin “Şəki xanlarının tarixi” kitabı və Şəki xanlığı dövrünə aid yazılı ədəbiyyatlar, şəbəkə nümunəsi, XVIII əsr Şəki xanlarının dövründə istifadə edilmiş sikkələr, XVIII-XIX əsrə aid silah nümunələri nümayiş olunur.  

 

Muzeyin əsas hissələrindən biri ikinci mərtəbədəki xan otağıdır. Həmin otaq Şəki xanı Məhəmmədhüseyn xan Müştağın bu binada ibadət etməsini, ədəbi məclislər təşkil etməsini, müxtəlif qəbullar həyata keçirməsini, şahmat oynamasını əyani şəkildə nümayiş etdirir. Bu hissədə Şəki xanı Məhəmmədhüseyn xan Müştağın təşkil etdiyi ədəbi məclislərdə istifadə olunan ud musiqi aləti, 2014-2015-ci illərdə Şəki xanı Məhəmmədhüseyn xanın taxtının tarixi mənbələrdə olan təsvirləri əsasında hazırlanmış replikası, Şəki Xan Sarayındakı miniatür təsvirlər əsasında hazırlanmış xanın geyimi təqdim edilir. Bununla yanaşı, xan otağını gözəl şahmat oyunu ilə hamını heyran edən Məhəmmədhüseyn xanın şahmat taxtası, onun daima oxuduğu Qurani-Kərim bəzəyir. Otaqda XVIII əsrdə istifadə olunmuş Şəki xanlığının bayrağı və Şəki xanı Səlim xanın döyüş bayrağına da yer verilib. Xan otağında “Müştaq” təxəllüsü ilə şeirlər yazan və o dövrün məşhur şairləri ilə məktublaşan Məhəmmədhüseyn xanın yazı masası da təqdim edilir. 


1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg
10.jpg
11.jpg
12.jpg
13.jpg
14.jpg
15.jpg
16.jpg
17.jpg
18.jpg
19.jpg
20.jpg
21.jpg
22.jpg
23.jpg