2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etnomədəni inkişafına yönələn tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
İlkin əməkdaşlıq çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, eyni zamanda məbədin fasadında keramik panno yerləşdirilib.