2012-ci il noyabrın 14-də Vatikanda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycan ilə Vatikan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar “Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərgi açılıb.
Azərbaycan tarixinin və mədəniyyətinin bütün dövrlərinin yüksək səviyyədə təmsil olunduğu sərginin əsas cəhətlərindən biri ölkəmizin mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsi kimi təqdim olunması idi. Altı bölmədən ibarət sərgidə ilk insan məskənlərindən biri – Azərbaycan ərazisində tapılan arxeoloji materiallar, Azərbaycanın mədəniyyətini və həyat tərzini əks etdirən eksponatlar, müxtəlif sənətkarlıq nümunələri – silahlar, zinət əşyaları və qədim misgərlik məmulatları, musiqi alətləri, Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, qədim əlyazmalar, müxtəlif dinlərə aid müqəddəs kitablar nümayiş olunurdu.
Sərgidə Heydər Əliyev Fondunun italyan dilində müxtəlif nəşrləri təqdim olunmuşdur.
Sərgi noyabrın 14-dən dekabrın 5-dək davam etmişdir.