2013-cü il mayın 18-də Bavariya federal torpağının paytaxtı Münhendə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti gecəsi keçirilib.
Münhen Rezidensiyasında keçirilən və 900 nəfərə yaxın qonağın qatıldığı gecədə Bavariya federal torpağının dövlət naziri xanım Emilia Müller, Prusya şəhzadələri Adalbert və Eva-Maria, Hessen şəhzadəsi Yvonne, Qraf Fidelius Rebhinder və Qrafinya Renate Rebhinder, məşhur alman fotoqraf və rəssamı Mixael fon Hassel, Moda dizayneri Kay Rainer, futbol üzrə Almaniya yığmasının sabiq qapıçısı Yens Lehmann, həmçinin Almaniya Bundestaqı, Bavariya Landtaqı və Avropa Parlamentinin deputatları, Almaniyanın bir çox siyasi, ictimai və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbir çərçivəsində “Azərbaycan” fotosərgisi nümayiş etdirilib, qonaqlara Heydər Əliyev Fondunun Azərbaycana aid alman dilində nəşr etdiyi kitablar və Azərbaycan musiqisindən ibarət kompakt disklər paylanıb, Azərbaycan şirniyyatları təqdim olunub.
Mədəniyyət gecəsində Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edib.
Tədbirdən sonra Heydər Əliyev Fondu və Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən ziyafət verilib.