2013-cü ilin noyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgi və konsert təşkil olunub.
Noyabrın 12-də Parisdəki Məktublar və Əlyazmalar Muzeyində şairin həyat və yaradıcılığına həsr olunan sərgi təşkil edilib.
Sərgidə Nizami dövrünə aid edilən arxeoloji tapıntılar – Şirvanşahlar və Atabəylər dövrünün pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar və “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər, eyni zamanda XIX əsrin sonu - XX əsrin əvvəlində Gəncədə çəkilmiş fotoşəkillər, mütəfəkkir şairin Gəncədəki məqbərəsinin maketi, Bakı, Sankt-Peterburq, Moskva, Roma, Çeboksarı və Pekində ucalan abidələrinin fotoları nümayiş etdiriib. Qonaqlara Heydər Əliyev Fondunun nəşr etdiyi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitablar və broşürlar paylanılıb.
Noyabrın 13-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində tamaşaçılara Azərbaycan bəstəkarlarının Nizami Gəncəvinin əsərlərinə bəstələdikləri romanslar və mahnılardan ibarət konsert proqramı təqdim olunub.
27 yanvar 2014
Birləşmiş Ərəb Əmirliyində ingilis dilində nəşr olunan nüfuzlu “Arabian gazette” qəzetində jurnalist Rahma Raşdinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından bəhs edən yazısı dərc olunub. “Nizami Gəncəvi-böyük romantik və epik şair” sərlövhəli yazıda Parisin Məktublar və Əlyazmalar Muzeyində, Strasburqun Reyn sarayında dahi şairin yaradıcılığına həsr olunmuş...