2013-cü il noyabrın 20-də Almaniyanın Köln şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə “Azərbaycanı tanıdım” layihəsi çərçivəsində “Azərbaycan gecəsi” təşkil olunub.
Şəhərin tarixi Gürsenix mədəniyyət zalında təşkil olunmuş tədbirdə Almaniyada heç vaxt olmayan gənc rəssamların bu ölkə haqqında yaradıcı təxəyyüllə çəkdiyi əsərlərdən ibarət “Almaniya bir rəssamın gözü ilə” rəsm sərgisi və Azərbaycanda yaşayan almanların həyatını əks etdirən fotosərgi nümayiş etdirilib. Qonaqlara Azərbaycanın milli mətbəxindən təamlar, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan tarix, mədəniyyət, incəsənətə dair müxtəlif kitablar, Azərbaycan muğamı, cazı, klassik və estrada musiqisinə dair disklər təqdim edilib.
Gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub.