Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə 60-cı Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunub.
Budəfəki Venesiya Biennalesi “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında təşkil edilib.
16-cı əsrin memarlıq abidələrindən olan Campo della Tanada yerləşən və “Xəzərdən Çəhrayı Planetə. Mən buradayam” (“From Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunan Azərbaycan pavilyonu biennalenin şüarını özündə əks etdirib.
Milli pavilyonda əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, rəssam Vüsalə Ağaraziyevanın əsərlərinin zəngin palitrası vasitəsilə əcnəbilik mövzusu tədqiq edilib, həmin mövzunun Azərbaycan üçün aktuallığı diqqətə çatdırılıb.