загруженное.jpg
28 fevral 2013

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın gənclər təşkilatlarının üzvləri ilə görüşüb

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) ofisində Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyevanın Rusiya Gəncləri İctimai Palatasının, Rusiyanın Gənclər və Uşaq Birlikləri Milli Şurasının, Gənclərin İşləri üzrə Federal Agentliyin və “Sodrujestvo” Beynəlxalq Gənclər İctimai Təşkilatının üzvləri ilə görüşü olub.


Görüşdə gənclərlə iş sahəsində bir sıra birgə təşəbbüslər, cari və perspektiv layihələr müzakirə edilib.


Leyla Əliyeva görüş iştirakçılarını və onların təmsil etdikləri təşkilatları Azərbaycan Gənclər və İdman Nazirliyinin xətti ilə keçirilən beynəlxalq layihələrə fəal qoşulmağa dəvət edib. Görüşdə qeyd olunub ki, Azərbaycan Prezidenti yanında yaradılmış Gənclər Fondu həm hüquqi, həm də fiziki şəxslərə qrantlar ayırır. Leyla Əliyeva əcnəbilər üçün ayrıca kateqoriyalı qrantların nəzərdə tutulduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycanla bağlı layihələrin maliyyə dəstəyi almaq şansı daha yüksəkdir.


Rusiyanın Gənclər və Uşaq Birlikləri Milli Şurasının sədri Qriqori Petuşkov RAGB-la əməkdaşlığın davam etdirilməsinə və qarşılıqlı fəaliyyətin genişləndirilməsinə böyük maraq göstərildiyini bildirib. O, III Rusiya-Azərbaycan Gənclər Forumunun 2013-cü ildə Rusiyada keçirilməsinə, RAGB-ın Milli Şuranın digər üzv təşkilatları ilə əməkdaşlığının inkişafına, iki ölkənin mədəniyyət, idman və təhsil layihələrində gənclərin geniş iştirakına hər iki tərəfin maraq göstərdiyini söyləyib.


Görüşdə Rusiya Gəncləri İctimai Palatasının üzvü Aleksey Karpenko ilə Rusiyanın tanınmış yazıçı və şairlərinin kitablarının Azərbaycan məktəblərində, Azərbaycanın tanınmış yazıçı və şairlərinin kitablarının Rusiya məktəblərində yayılması üzrə layihənin bərpa edilməsi barədə razılaşma əldə olunub. A.Karpenko Leyla Əliyevanı bu ilin avqustunda Avstriyanın Alpbax şəhərində keçiriləcək Avropa Forumuna dəvət edib.


Leyla Əliyeva kitab mübadiləsi ideyasını dəstəklədiyini bildirib. O, belə layihələrin daim həyata keçirilməli olduğunu qeyd edib. Uşaq yazıçılarının həvəsləndirilməsinin, kitabların müxtəlif dillərə tərcümə olunmasının və iki ölkənin yazıçılarının görüşlərinin təşkil edilməsinin əhəmiyyətli olduğunu vurğulayan Leyla Əliyeva bildirib ki, Azərbaycan tərəfi Rusiyanın məktəb və universitetlərinə ədəbiyyat, o cümlədən Nizami, Füzuli, Səməd Vurğun və başqa Azərbaycan yazıçı və şairlərinin əsərlərindən ibarət məcmuələri təqdim etməyə hazırdır.


Gənclərin İşləri üzrə Federal Agentliyin (GİFA) rəhbəri Sergey Belokonev gənclərlə iş sahəsində birgə layihələrin həyata keçirilməsinin önəmindən söz açıb. O bildirib ki, belə layihələrdən biri Azərbaycan ərazisindən də keçəcək avtoyürüş olacaq. S.Belokonev bu yürüşün ən qısa vaxtda təşkil ediləcəyini söyləyib. Bundan əlavə, GİFA-nın təşkil etdiyi beynəlxalq layihələrdə Azərbaycan gənclərinin iştirakı ilə bağlı ilkin razılıq da əldə olunub. Görüşün sonunda S.Belokonev iki ölkənin ərazisində həyata keçirilməsi nəzərdə tutulan birgə tədbirlər planının işləyib hazırlanmasını və təsdiq olunmasını təklif edib.


“Sodrujestvo” Beynəlxalq Gənclər İctimai Təşkilatının (BGİT) icraçı direktoru Maqomed Əliyev RAGB, Azərbaycanın Gənclər və İdman Nazirliyi və ictimai qurumları ilə əməkdaşlıq haqda danışıb. O, bildirib ki, Azərbaycan gəncləri “Sodrujestvo”nun bütün tədbirlərində bilavasitə və çox fəal iştirak edir, bu və ya digər istiqamətdə işin yekunlarına dair əla nəticələr nümayiş etdirirlər. M.Əliyev artıq həyata keçirilmiş layihə və proqramlar arasında MDB ölkələrinin gənc deputatları və liderləri üçün AŞPA sessiyaları çərçivəsində silsilə seminarları, MDB Parlamentlərarası Assambleyasının sessiyası çərçivəsində seminarı, ”Tələbə baharı” Beynəlxalq Festivalını (onun keçirilməsi ənənəsini Azərbaycan bərpa edib), “Birlik gəncləri günləri” Beynəlxalq Forumunu, ”Gənc nəsil - sərhədsiz həyat” Humanitar Forumunu, “Seliger” Forumu çərçivəsində “Biz MDB-nin gələcəyiyik!” Gənclər növbəsini, Birliyin gənclər sessiyalarını və s. qeyd edib.


M.Əliyev bu il “Sodrujestvo”nun və onun Azərbaycandakı milli bölməsinin dövlət hakimiyyəti orqanlarının dəstəyi ilə, RAGB və digər ictimai təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirəcəyi layihələrdən də danışıb. Onların arasında təhsil sahəsində “Blits Sodrujestvo” silsilə seminarları, Birlik ölkələrinin ictimai diplomatik korpusu, “Sodrujestvo” Beynəlxalq Xristian və Müsəlman Gənclər Forumu, “Sodrujestvo”nun gənc bloqqerlərinin dağ məktəbi, “Birlik gəncləri günləri” Beynəlxalq Forumu, “Sodrujestvo qəhrəmanları” forumu kimi layihələr var. Bundan əlavə, KİV-lər sahəsində əməkdaşlıq da təklif olunub.


M.Əliyev gənclərin təşəbbüslərini fəal surətdə dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib. O, martın 9-da Azərbaycana gələcəyini bildirib. Həmin günlər Azərbaycanda “Sodrujestvo” BGİT və onun Azərbaycandakı milli bölməsi ilə “Blits Sodrujestvo. Bakı” mövzusunda təhsil seminarı keçiriləcək.


Görüşün sonunda Leyla Əliyeva mayın 13-də Bakıda “Yer kürəsi uşaqların gözü ilə” fotoşəkil festivalının keçiriləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, Rusiya gənclərini festivala dəvət edib.


Azərbaycanda incəsənət sahəsində layihələrin həyata keçirilməsinə maraq göstərildiyini qey edən Leyla Əliyeva Bakıdakı Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin, o cümlədən rəsm və foto sərgilərinin təşkil edilməsi üçün hər cür şəraitin yaradıldığını söyləyib. O, Moskvanın ən iri muzey-sərgi komplekslərindən biri olan “Multimedia Art Muzey”də təşkil edilən “Bakıya uçuş” sərgisindən də söz açıb, hər gün sərgiyə 2 minədək adamın gəldiyini bildirib.


Leyla Əliyeva görüş iştirakçılarını Bakıya dəvət edib.


Paylaş: