_ZAU1779.jpg
9 may 2014

Leyla Əliyeva “Panthera” təşkilatının sədri Tomas S.Kaplan ilə görüşüb

IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə vəhşi pişikkimilərin mühafizəsi üzrə dünyanın nüfuzlu təşkilatı olan “Panthera”arasında gələcək əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalanıb.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və “Panthera” təşkilatının sədri Tomas S.Kaplan tərəfindən imzalanan memoranduma əsasən, Azərbaycanda bəbirlərin yaşayış vəziyyətinin qiymətləndirilməsi, nəsli kəsilməkdə olan bu populyasiyanın mühafizəsi ilə bağlı planın hazırlanması nəzərdə tutulur.

 

“Panthera” təşkilatı, həmçinin Azərbaycan alimlərinə Qafqaz bəbirinin qorunması istiqamətində tədqiqat və mühafizə metodologiyasının hazırlanmasına yardım göstərəcək.

 

“Biz çox şadıq ki, vəhşi pişikkimilərin qorunması üzrə dünyanın aparıcı təşkilatı olan “Panthera” ilə strateji əməkdaşlıq haqda müqavilə bağladıq. “Panthera” Azərbaycanın təbii irsinin simvollarından olan Qafqaz bəbirləri və onların ekosisteminin qorunması ilə əlaqədar həyata keçirdiyimiz proqramla bağlı təcrübəyə malikdir”, - deyə Leyla Əliyeva bildirib.

 

Tomas S.Kaplan isə Azərbaycanın bəbir populyasiyasının qorunması və sayının artırılması istiqamətində təşəbbüsünü dəstəklədiyini deyib: “Bu həftə dünya üzrə bəbirlərin qorunması ilə bağlı ilk proqrama - “Pardus” layihəsinə start verilib. Bu istiqamətdə IDEA ilə birgə fəaliyyətə başlamağımız da təqdirəlayiqdir”.

 

“Panthera” ilə beynəlxalq əməkdaşlıq çərçivəsində təşkilat tərəfindən IDEA İctimai Birliyinə 20 müşahidə kamerası təqdim edilib. Onlardan Azərbaycan bəbirlərinin yaşayış yerlərinin və saylarının müəyyənləşdirilməsində istifadə ediləcək.

 

Qeyd edək ki, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN) nəsli kəsilməkdə olan heyvan növlərinə aid etdiyi Qafqaz bəbirinin sayı Yaxın Şərq və Asiyada 1000-dən az, Qafqaz regionun cənub-qərb hissəsində, Azərbaycan ilə İran sərhədində isə 25-dəkdir.


FOTO

Paylaş: