14176760603568157817_750x500.jpg
3 dekabr 2014

Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Ofisinin direktoru Yan Dusik ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva dekabrın 3-də Cenevrədə BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Ofisinin direktoru Yan Dusik ilə görüşüb.


Görüşdə Leyla Əliyeva IDEA İctimai Birliyinin Azərbaycanda və regionda təbiətin mühafizəsi və ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi layihələrdən danışıb.


Leyla Əliyeva IDEA-nın fəaliyyəti ilə UNEP-in mandatı arasında bir çox sahələrdə oxşarlıqların olduğunu vurğulayaraq, bu iki təşkilatın iştirakı ilə ətraf mühitin aktual problemlərinin aradan qaldırılmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsini təklif edib. Leyla Əliyeva, həmçinin IDEA və UNEP-in birgə təşkilatçılığı ilə 2012-ci ildə Azərbaycanda uğurla keçirilmiş “Yaşıl həftə konfranslar silsiləsi”nin və bu tipli digər tədbirlərin gələcəkdə də davam etdirilməsinə marağını ifadə edib.


Yan Dusik IDEA-nın fəaliyyəti ilə yaxından tanış olduqlarını, onun reallaşdırdığı layihələri diqqətlə izlədiklərini bildirib. O, ekoloji problemlərin həll edilməsində UNEP-in IDEA-ya daim dəstək verməyə və bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu deyib.

 

Tərəflər IDEA və UNEP arasındakı əməkdaşlığın daha yüksək mərhələyə qaldırılması məqsədilə ikitərəfli Anlaşma Memorandumunun imzalanması və “Yaşıl iqtisadiyyat” sahəsində Azərbaycanda ilk dəfə birgə pilot layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.


FOTO

Paylaş: