006.JPG
11 aprel 2015

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Moskvada Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb

Moskvada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva aprelin 11-də Rusiyanın TASS Agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.


TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman Mehriban Əliyevanın agentliyə gəlməsinin onlar üçün şərəf olduğunu deyib. Bakıda keçiriləcək birinci Avropa Oyunlarından danışan M.Qusman bunu unikal hadisə adlandırıb.


Yenidən Moskvada olmaqdan məmnunluğunu bildirən Mehriban Əliyeva birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycanda görülən işlərdən danışıb. Ölkədə bu oyunlara dövlət, ictimai təşkilatlar və sadə vətəndaşlar tərəfindən böyük dəstək və marağın olduğunu deyən Mehriban Əliyeva “Bakı-2015” ilə bağlı işlərin final mərhələsinə qədəm qoyduğunu söyləyib: “Qarşıya qoyulan bütün məqsədlərə nail olunub, bütün xidmətlər Oyunlara tam hazır vəziyyətdədir. Hazırda Oyunların açılış mərasiminə ciddi hazırlıq gedir”. Mehriban Əliyeva bildirib ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkədə idmana göstərilən dövlət qayğısı, respublikanın paytaxtı ilə yanaşı, regionlarda da müasir idman infrastrukturunun yaradılması, idmançıların beynəlxalq idman yarışlarında qazandığı uğurlarla bağlıdır. Oyunlarda iştirak edəcək idmançıların və Azərbaycana gələcək nümayəndə heyətlərinin rahatlığını təmin etmək üçün bütün işlərin görüldüyünü deyən Mehriban Əliyeva bildirib ki, beynəlxalq ekspertlərin qənaətinə görə, Azərbaycanda yaradılmış Olimpiya Kəndi dünyada indiyədək yaradılmış ən gözəl kəndlərdən biridir. Kütləvi informasiya vasitələri üçün Media Kəndinin də yaradıldığını vurğulayan Mehriban Əliyeva tədbir iştirakçılarını Oyunlara baxmağa dəvət edib.


Sonra Mehriban Əliyeva Rusiya Federasiyasının nüfuzlu aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı suallarını cavablandırıb.


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə Heydər Əliyev Fondu və Fondun Rusiya nümayəndəliyinin fəaliyyətindən danışıb. Səfir Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya nümayəndəliyinin bu ölkənin müxtəlif şəhərlərində mühüm humanitar və sosial layihələr həyata keçirdiyini söyləyib.


Daha sonra Mehriban Əliyeva TASS-ın fotomüxbirlərinin müxtəlif dövrlərdə çəkdikləri fotolara baxıb.


FOTO

VİDEO

Paylaş: