17.jpg
2 sentyabr 2015

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva ilə görüş

Sentyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın iştirakı ilə qurumun Romadakı baş ofisində bir sıra görüşlər keçirilib.

 

Əvvəlcə Leyla Əliyevanın iştirakı ilə təşkilatın fəaliyyətini əks etdirən təqdimatlar, müzakirələr olub. Qurumun Korporativ Kommunikasiya ofisinin direktoru Enrike Yevis Leyla Əliyevanın tədbirdə iştirakından məmnunluğunu bildirib.

 

Sonra FAO və onun missiyası barədə ətraflı məlumat verilib, təşkilatın özəl sektorla tərəfdaşlıqları, Azərbaycanda və bölgədə Resurs Mobilizasiyası proqramı, qurumun təbii resurslar və iqlim dəyişikliklərinə dair fəaliyyətinin davamlı idarəetməsi ilə bağlı görülən işlərdən danışılıb.

 

Leyla Əliyevaya burada çalışanlar üçün yaradılmış şərait barədə məlumat verilib və binadakı plenar iclas zalı ilə tanışlıq olub.

 

Daha sonra Leyla Əliyeva FAO-nun baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb. Görüşdən məmnunluğunu bildirən təşkilatın baş direktoru Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin ekologiya sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb. Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı uğurlardan məmnunluqla danışan Joze Qratsiano da Silva ölkəmizə səfərindən, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə keçirdiyi görüşlərdən söhbət açaraq, dövlətimizin başçısının 2014-cü ildə İtaliyaya rəsmi səfəri zamanı təşkilatın baş ofisində olmasını məmnunluqla xatırladıb. O, qeyd edib ki, Azərbaycanda yoxsulluğun azaldılması sahəsində görülən işlər dünya ölkələri üçün bir nümunədir. Bu baxımdan Azərbaycanda yoxsulluğun səviyyəsinin 5 faizə enməsini xüsusi vurğulayıb və bu sahədə görülən işlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

 

Səmimi qəbula görə minnətdarlığını bildirən Leyla Əliyeva Azərbaycan ilə FAO arasında əməkdaşlığın uğurla inkişaf etməsindən danışaraq ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində qazanılan nailiyyətlər, həyata keçirilən layihələr barədə məlumat verib. Leyla Əliyeva son illərdə Azərbaycanda kənd təsərrüfatının sürətlə inkişaf etdiyini, bu sahədə həyata keçirilən islahatları və ölkəmizdə fermerlərə yüksək səviyyədə dövlət dəstəyinin göstərildiyini diqqətə çatdırıb. Leyla Əliyeva Heydər Əliyev Fondunun humanitar sahədəki fəaliyyəti, dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi mühüm layihələr və IDEA İctimai Birliyi barədə məlumat verib, gələcəkdə FAO ilə birlikdə bir sıra layihələrin reallaşdırılacağını bildirib. Leyla Əliyeva gənclərin FAO çərçivəsində icra olunan layihələrin dəstəklənməsi istiqamətində fəaliyyətinin vacibliyini də vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür. Ölkəmizdə qurumun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Bir müddət əvvəl isə Azərbaycanda təşkilatın ilk əlaqələndirmə və tərəfdaşlıq ofisi açılıb.

 

Görüşdə baş direktor ofisin açılmasındakı səylərinə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

Sonra Leyla Əliyevanın FAO-nun xoşməramlı səfiri kimi ilk dəfə fəaliyyətə başlaması ilə əlaqədar təntənəli mərasim keçirilib və qarşılıqlı hədiyyələr təqdim edilib.

 

Daha sonra Leyla Əliyeva FAO-nun media mərkəzinə müsahibə verib.

 

Leyla Əliyeva təşkilatın binasındakı zəngin kitabxanaya da baxıb. Burada FAO-nun media mərkəzi də yerləşir. Ərzaq təhlükəsizliyi məsələsinin ölkələrin milli təhlükəsizliyinin əsas elementlərindən olması ilə bağlı FAO-nun fəaliyyətinin praktiki təsiri dünyanın bir çox yerlərində nəzərə çarpır. Dünyanın 130-dan çox ölkəsində nümayəndəliyi olan təşkilatın qarşısına qoyduğu qlobal vəzifələr və məqsədlər ərzaq təhlükəsizliyinin təmin edilməsi, aclıqla mübarizə, təbii resursların, o cümlədən torpaq, su, hava, iqlim və genetik resursların davamlı idarəolunması və yoxsulluğun azaldılmasıdır.


FOTO

VİDEO

Paylaş: