02_RAGT-TALABALAR-MUKAFAT.jpg
16 oktyabr 2010

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva əlaçı tələbələrə RAGT-in mükafatlarını təqdim edib

Oktyabrın 16-da Moskvadakı “Bakı” kinoteatrında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) rəhbərlərinin Rusiya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilmişdir. Görüşdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı, habelə ÜAK xətti ilə Moskvanın və Rusiya regionlarının ali məktəblərinə daxil olmuş azərbaycanlı tələbələr iştirak etmişlər.


Bu, RAGT-ın rəhbəri Leyla Əliyevanın azərbaycanlı tələbələrlə ikinci görüşüdür.

 

Görüşü ÜAK-ın prezidenti, Rusiya Tibb Elmlər Akademiyasının akademiki Məmməd Əliyev açaraq Azərbaycan rəhbərliyinin gənclərin xaricdə, o cümlədən Rusiyada təhsilinə, habelə ÜAK xətti ilə Rusiya ali məktəblərinə daxil olmuş tələbələrə diqqət və qayğısından danışmışdır.

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, RAGT-ın sədri Leyla Əliyeva toplaşanları salamlamışdır. O, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının çoxşaxəli fəaliyyəti və müxtəlif sahələrdə planları barədə ətraflı məlumat vermişdir. L.Əliyeva vurğulamışdır ki, RAGT-ın coğrafiyası genişlənir və azərbaycanlı gənclər klublarının bir çox regional ali məktəblərdə də fəaliyyət göstərməsi çox sevindirici haldır. Leyla Əliyeva gəncləri RAGT ilə daha fəal əməkdaşlığa çağıraraq bildirmişdir ki, təşkilatın qapıları əməkdaşlıq və istənilən layihələr üçün açıqdır.

 

Sonra Leyla Əliyeva RAGT-ın adından əlaçı tələbələrə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının “Əlaçı mükafatı”nı təqdim etmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və Rusiyanın regionlarında təhsil alan aztəminatlı ailələrdən olan 10 tələbəyə sosial təqaüd ayırmışdır.

 

ÜAK-ın təhsil komitəsinin sədri, professor Tofiq Məlikov geniş məruzə ilə çıxış etmişdir.

 

Sonra tələbələr Jalə Cavadova və Mirtapdıq Talıbov, habelə tələbələrin valideynləri Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, RAGT-ın sədri Leyla Əliyevaya təşəkkürlərini bildirmişlər. Çıxış edənlər Rusiyada təhsil almaq imkanına, gənclərin problemlərinə və təhsilinə göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə, Ümumrusiya Azərbaycanlıları Konqresinə minnətdarlıqlarını bildirmişlər.

 

Bir neçə tələbəyə, həmçinin ÜAK-ın, “Lukoyl” Xeyriyyə Fondunun və Aydın Qurbanov Fondunun adlı təqaüdləri təqdim olunmuşdur.

 

Görüş maraqlı konsert proqramı ilə başa çatmışdır.


FOTO

Paylaş: