Sankt-Peterburq Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar sahədə hər bir layihəsini dəstəkləməyə və Rusiyanın şimal paytaxtında fəal işləməsi üçün hər cür şərait yaratmağa hazırdır.
Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko bu sözləri fevralın 2-də Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva ilə görüşdə söyləmişdir.
V.Matviyenko demişdir: “Biz humanitar əməkdaşlığa xüsusi əhəmiyyət verilən birgə fəaliyyətdə - təhsil, mədəniyyət, tarixin öyrənilməsi və başqa layihələrdə ən fəal şəkildə iştirak etməyə hazırıq. Biz təklif etmək istərdik ki, Sankt-Peterburq Fondun gələcək fəaliyyəti üçün dayaq meydançası olsun, çünki bundan ötrü çox böyük potensial var”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovun və Sankt-Peterburqdakı azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri Vaqif Məmişovun da iştirak etdikləri görüşdə qubernator Heydər Əliyev Fondunun və Leyla Əliyeva başda olmaqla Rusiyadakı nümayəndəliyin fəaliyyətini yüksək qiymətləndirmişdir. O bildirmişdir ki, Rusiya ilə Azərbaycanı səmimi dostluq münasibətləri birləşdirir. Bu münasibətlərin təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur, Azərbaycanın indiki Prezidenti İlham Əliyev isə bunu qoruyur və genişləndirir. V.Matviyenko Sankt-Peterburqdakı Azərbaycan diasporunun fəaliyyətini də yüksək qiymətləndirmişdir.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva görüşdə demişdir: “Heydər Əliyev Fondunun fəaliyyəti genişlənir və bütün dünyanı əhatə etməyə başlayır, lakin Rusiya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Biz Fondun fəaliyyətinin təkcə Azərbaycanla məhdudlaşa bilməyəcəyini və onun öz əhatə dairəsini genişləndirməli olduğunu başa düşəndə, təbii ki, əməkdaşlıq üçün ilk məkanlardan biri Rusiya oldu”. O, ətraflı məlumat verərək vurğulamışdır ki, Fondun təşəbbüsü ilə son üç ildə Azərbaycanda 300-ə yaxın məktəb tikilmiş və təmir edilmişdir, bu proses davam edir. Artıq Fransada, Rumıniyada, Böyük Britaniyada və Türkiyədə Fondun filialları açılmışdır və onun fəaliyyət coğrafiyası genişlənməkdə davam edir. Fond səhiyyə sahəsində, xüsusən talassemiya və diabet kimi ağır xəstəliklərə qarşı mübarizə üzrə bir sıra mühüm layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzi tikilir, xəstə uşaqlara kömək üçün bir sıra başqa layihələr həyata keçirilir. Fevralın 10-da Fond Moskvada əlil uşaqlar üçün xeyriyyə konserti təşkil edəcəkdir.
L.Əliyeva demişdir ki, Heydər Əliyev Fondu mədəniyyət sahəsində də bir sıra layihələr həyata keçirir. Muğam Mərkəzi tikilir, istedadlı gənclər, rəssamlar, artistlər dəstəklənir. Ümumiyyətlə, Fondun mövcud olduğu dörd ilə yaxın müddətdə çox işlər görülmüşdür və biz öz fəaliyyətimizin bütün məsuliyyətini hiss edirik.
Heydər Əliyev Fondu ilə Rusiya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında sazişin imzalanması Sankt-Peterburqun və Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olmuşdur. Bu sənədi Leyla Əliyeva və kitabxananın baş direktoru Vladimir Zaytsev imzalamışlar. Leyla Əliyeva Fondun adından kitabxanaya Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş Azərbaycan kitablarını hədiyyə etmişdir. O bildirmişdir ki, Fond kitab nəşrinə çox böyük əhəmiyyət verir, xüsusən internetin və elektron KİV-in inkişaf etdiyi, adamların çoxunun bədii ədəbiyyat oxumağı tərgitdiyi indiki vaxtda bunu vacib hesab edir. L.Əliyeva demişdir: “Bu cür gözəl kitabxanalar sayəsində gənclər kitab oxumağı davam etdirir və sirr deyil ki, biz həyatda ən böyük bilikləri kitablardan alırıq”.
Leyla Əliyeva KİV nümayəndələri ilə söhbətində imzalanmış sənədin əhəmiyyətindən danışarkən onun vacibliyini vurğulamışdır. Bildirmişdir ki, Fond və onun Rusiyada cəmi bir il bundan əvvəl açılmış nümayəndəliyi Azərbaycan ilə Rusiya arasında mədəni dialoqu inkişaf etdirir. Leyla Əliyeva demişdir: “Mədəni dialoq xüsusən gənclər üçün ən vacib məsələdir. Güman edirəm ki, bu kitabxana vasitəsilə biz mədəni dialoqun genişlənməsinə nail ola biləcəyik. Bu, çox zəngin kitabxanadır. Xoşagələn haldır ki, burada Azərbaycan dilində bu qədər kitab var və onları qayğıkeşliklə qoruyub saxlayırlar. Ümidvaram ki, gələcəkdə kitabxana ilə münasibətlərimiz daha da inkişaf edəcək, biz kitab mübadiləsi edəcək, buraya yeni nəşrlər göndərəcəyik. Cəmi bir ay bundan əvvəl “Baku” jurnalının ilk nömrəsi çapdan çıxmışdır. Bu nəşri Moskva və Sankt-Peterburq oxucuları da görəcəklər. Jurnal onların ölkəmiz haqqında daha çox məlumat əldə etməsinə imkan verəcəkdir. Ölkələrimiz arasında həmişə çox yaxşı mədəni münasibətlər olmuşdur. Azərbaycanda rus mədəniyyətinə, rus ədəbiyyatına həmişə yaxşı bələd olmuş, onları sevmişlər. Azərbaycan məktəblərində rus dilinin tədrisi indi də tam həcmdə davam edir”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da imzalanmış sazişi yüksək qiymətləndirmiş, onu hər iki ölkənin ictimai həyatında mühüm hadisə adlandırmışdır. O xatırlatmışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1994-cü ildə M.F.Axundov adına Milli Kitabxanaya öz şəxsi kitabxanasından 400-dən çox nəşr hədiyyə etmiş, bununla da kitaba qayğı ilə yanaşmaq nümunəsi göstərmişdir. Səfir demişdir: “Bu gün də bu ənənəni Heydər Əliyevin nəvəsi, onun adını daşıyan Fondun nümayəndəliyinin rəhbəri davam etdirir”.
Vladimir Zaytsev öz çıxışında bildirmişdir ki, kitabxana Azərbaycan ədəbiyyatını hələ inqilabdan əvvəlki dövrlərdən toplayır, lakin son illərdə bu sahədə bir qədər fasilə yaranmışdı. O demişdir: “Bugünkü sazişin imzalanması kitabxanaya ədəbiyyat daxil olmasında yeni mərhələdir. Bu, Sankt-Peterburqdakı Azərbaycan diasporunun ana dilində ədəbiyyat oxumasına da imkan verəcəkdir”.
Leyla Əliyeva və V.Zaytsev Rusiya Milli Kitabxanasında təşkil edilmiş Azərbaycan ədəbiyyatı sərgisini açmışlar. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Azərbaycan kitablarının nadir nüsxələrinin nümayiş etdirildiyi sərgi ilə tanış olmuşdur.
Elə həmin gün Sankt-Peterburqdakı “Oktyabrski” böyük konsert salonunda Azərbaycan musiqisindən ibarət konsert olmuşdur. Sankt-Peterburq administrasiyasının gənclərin məsələləri üzrə komitəsinin dəstəyi ilə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən təşkil edilmiş konsertdə Azərbaycanın və Rusiyanın estrada ulduzları iştirak etmişlər.
Konsertdən əvvəl Leyla Əliyeva salona toplaşmış gənclər və Sankt-Peterburq ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edərək, respublikamızda fevralın 2-də qeyd olunan Gənclər günü münasibətilə soydaşlarımızı təbrik etmişdir. O demişdir: “Sankt-Peterburq qəribə şəhərdir, o, insanı daim heyrətləndirir, biz də öz tərəfimizdən qədim Azərbaycan mədəniyyətinin bir zərrəsini sizlərə bəxş etmək, adət və ənənələrimiz barəsində söhbət açmaq və bizim istedadları sizlərə təqdim etmək üçün əlimizdən gələni etməyə çalışmışıq. Azərbaycan çox qədim tarixə və çox zəngin mədəniyyətə malik olan bir ölkədir, böyük şairlərin, bəstəkarların və yazıçıların vətənidir. Harada olmasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün Qarabağ bülbülləri oxuyur, Abşeron günəşi onun üçün parlayır, Xəzərin dalğaları onun üçün səslənir. Azərbaycanlılar çox qonaqpərvər xalqdır, bu gün də çoxsaylı millətlərin və dini məzhəblərin nümayəndələri ölkəmizdə sülh və dostluq şəraitində yaşayırlar. Bizə çox xoşdur ki, Rusiya-Azərbaycan münasibətləri günbəgün möhkəmlənir və bir sıra sahələrdə bu münasibətlər yüksək səviyyəyə çatmışdır. Azərbaycan məktəblərdə rus dilinin tədrisi tam həcmdə davam edən az sayda dövlətlərdən biridir, Bakıda Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir. Bu gün bizim qarşımızda, Rusiyada yaşayan gənclər qarşısında bir məsələ durur: bu münasibətləri daha da möhkəmlətmək və Vətənimizi ləyaqətlə təmsil etmək”.
Sonra çıxış edən Polad Bülbüloğlu demişdir ki, Rusiyada Azərbaycan gəncləri təşkilatı yarandıqdan sonra RF-də yaşayan bütün cavan soydaşlarımızın birləşməsi prosesi müşahidə olunur. Bu, gələcək üçün, gənclərimizin öz xalqına xeyir verməsi və öz xalqını ləyaqətlə təmsil etməsi üçün çox vacibdir. Sankt-Peterburqun vitse-qubernatoru Sergey Tarasov isə vurğulamışdır ki, iki ölkə arasında mədəni əlaqələrin çoxəsrlik tarixi vardır. Onun fikrincə, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi xüsusən gənclər siyasəti sahəsində çox mühüm işlər görür.
Konsert zamanı istedadlı gənclərə Rusiya-Azərbaycan mədəni münasibətlərinin möhkəmlənməsinə verdikləri töhfəyə görə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi adından fəxri fərmanlar və mükafatlar təqdim edilmişdir.
Fevralın 3-də Leyla Əliyevanın Sankt-Peterburqa səfəri çərçivəsində Böyük Vətən müharibəsi illərində Leninqradın mühasirəsi zamanı həlak olanların dəfn edildiyi Piskaryovo qəbiristanlığında ucaldılmış abidənin önünə əklil qoyulması mərasimi olmuşdur. Bu qəbiristanlıqda uyuyanlar arasında həmvətənlərimiz də var.
Leyla Əliyeva Heydər Əliyev Fondu adından abidənin önünə əklil qoymuş və Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır. Xatirə kompleksinin rəhbərliyi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 2002-ci ildə Sankt-Peterburqa rəsmi səfəri zamanı həmin Fəxri qonaqlar kitabında yazdığı ürək sözlərini göstərmişdir. Kompleksin müdiriyyəti Leylaya Əliyevaya Piskaryovo qəbiristanlığının xatirə medalını və içərisində torpaq olan rəmzi kapsulanı hədiyyə etmişdir.
Sonra dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Sankt-Peterburqda ucaldılmış abidəsi önünə əklil qoyulmuşdur. Mərasimdə Rusiyanın şimal paytaxtının administrasiyasının və ictimaiyyətin nümayəndələri, Sankt-Peterburqda akkreditə edilmiş diplomatik missiyaların rəhbərləri də iştirak etmişdir.
Mərasimdə çıxış edən Leyla Əliyeva demişdir ki, Nizami dünyaya “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “İsgəndərnamə” kimi və başqa misilsiz əsərlər bəxş etmiş dahi şair və mütəfəkkirdir. Nizami həmişə Azərbaycan xalqının fəxri olaraq qalacaqdır. Bu böyük insana dünyanın ən gözəl şəhərlərindən birində abidə qoyulması Azərbaycanla Rusiya arasında olan böyük dostluğu və qarşılıqlı hörməti bir daha sübut edir.
Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu xatırlatmışdır ki, böyük Azərbaycan şairinə Sankt-Peterburqda ucaldılmış abidənin açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin iştirak etmişlər. Bu abidə iki xalq arasında tarixi dostluğun rəmzidir.
Şəhər administrasiyasının nümayəndələrinin çıxışlarında xüsusi vurğulanmışdır ki, böyük Nizamiyə Sankt-Peterburqda abidə qoyulması və öz mədəniyyətinə qayğıkeş münasibət Azərbaycan diasporuna başucalığı gətirir və mədəniyyətlərin qarşılıqlı zənginləşməsi prosesinə çox güclü təsir göstərir.
Leyla Əliyeva başda olmaqla Azərbaycan nümayəndə heyətinin üzvləri Qoroxovaya küçəsindəki, 6 nömrəli binada ümummilli lider Heydər Əliyevin xatirə lövhəsi önünə tər çiçəklər qoymuşlar. Xatırladaq ki, 1940-cı illərin axırları – 1950-ci illərin əvvəllərində Heydər Əliyev həmin binada yerləşən SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin rəhbər heyət məktəbində təhsil almışdır.
Azərbaycan gənclərinin və RF-nin 40 regionunda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərinin yığıncağı günün əsas hadisəsi olmuşdur. Onlar Sankt-Peterburqa Fondun Rusiya nümayəndəliyinin və Rusiyanın Azərbaycan Gənclər Təşkilatının (RAGT) təşəbbüsü ilə gəlmişdilər. Görüşdə gənclərin birləşməsi və regionlarda fəallığının artırılması məsələləri müzakirə olunmuşdur.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov görüşü açaraq bildirmişdir ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək və gənclərin yaşayış yerlərində onların mövqelərini möhkəmlətmək məqsədi ilə həm Moskvada, həm də Rusiyanın regionlarında fəal iş aparır.
Rusiyada Azərbaycan gəncləri hərəkatının lideri Leyla Əliyeva gəncləri RF-nin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, Rusiya cəmiyyətinə daha sıx inteqrasiyaya və bununla bərabər, Azərbaycanın milli mədəniyyətinə qayğıkeşliklə yanaşmağa, onu qoruyub saxlamağa və yaymağa çağırmışdır. O bildirmişdir ki, indi Fondun əsas vəzifələrindən biri regionlarda Azərbaycan dilində bazar günü məktəblərinin açılmasıdır. Fond bu cür məktəblərin açılmasını təşviq edir və onların tədris ədəbiyyatı, kompyuterlərlə təchiz olunmasına kömək edir. Fond indiyə qədər İvanovo, Tula, Tver və Surqut şəhərlərindəki bazar günü məktəblərinə kömək etmişdir. Bununla yanaşı, müxtəlif xeyriyyə tədbirləri, o cümlədən əlil uşaqlar üçün “Biz həyatı sevirik” adlı konsert, bir neçə kitabın təqdimat mərasimləri hazırlanır. Bu günlərdə təşkilatın internet saytı açılacaqdır, gənclər bu saytda Azərbaycanın gerçəklikləri barədə məlumat ala biləcəklər. Ayda bir dəfə çıxacaq “Baku” jurnalı da xalqımızın mədəniyyəti, incəsənəti və ənənələri barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır. Belə bir jurnal yox idi, onu hamı gözləyirdi, indi isə onu Rusiyada da almaq mümkün olacaqdır.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Fondun Rusiya nümayəndəliyinin gördüyü işin böyük əhəmiyyətini vurğulayaraq demişdir ki, gənclərin təşkilatlanması həm Azərbaycan cəmiyyətinin, həm də Rusiya cəmiyyətinin xeyrinə olacaqdır. Azərbaycan gəncləri yaşadıqları ölkənin qanunlarına hörmət etməli, lakin bununla bərabər, öz milli mənsubiyyətini, mədəniyyətini, dilini və ənənələrini unutmamalıdır. Ümummilli mənafelərdən söhbət gedəndə gənclər bir yerdə olmalı və sıx birləşməlidirlər.
Gənclərin nümayəndələri Heydər Əliyev Fonduna gənclər siyasətini dəstəklədiyinə və bu sahədə fəal işinə görə təşəkkür etmişlər. Bildirilmişdir ki, Leyla Əliyevanın başçılıq etdiyi təşkilat yaradılandan sonra gənclər onu özlərinə arxa hesab edir və birləşmə hərəkatı fəallaşmışdır. Çıxış edənlər Fondun bütün təşəbbüslərini dəstəkləməyə və gənclərlə bağlı müxtəlif layihələrdə fəal əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişlər.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və görüş iştirakçıları Puşkin (keçmiş Sarskoye Selo) şəhərindəki Yekaterina sarayı Dövlət muzey-qoruğunda da olmuşdur.