4 fevral 2008

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Sankt-Peterburqdakı uşaq evi-məktəbdə olmuşdur

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Sankt-Peterburqa səfəri çərçivəsində Primorski inzibati rayonundakı uşaq evi-məktəbdə olmuşdur. Qonağı Primorski rayonu administrasiyası başçısının birinci müavini Vladimir Omelnitski və məktəbin direktoru Lyubov Katayeva qarşılamışlar.

 

İngilis dili təmayüllü uşaq evi-məktəbdə tərbiyə alanlar akt salonunda maraqlı konsert proqramı ilə çıxış etmişlər. Konsertdə Azərbaycan və rus rəqsləri, Azərbaycan bəstəkarlarının mahnıları, müxtəlif kompozisiyalar ifa edilmişdir. Leyla Əliyeva məktəbin şagirdləri qarşısında çıxışında Fondun çoxtərəfli fəaliyyətindən danışmışdır. O demişdir ki, təhsilə və məktəblərə kömək Fondun fəaliyyətinin üstün istiqamətlərindən biridir. Son illərdə Fondun təşəbbüsü ilə Azərbaycanda 300-ə yaxın məktəb tikilmiş və yenidən qurulmuşdur. Dövlət xətti ilə 1500 yeni məktəb tikilmişdir. Bilik böyük qüvvə və cəmiyyətin gələcəyidir, insanların firavanlığının və uğurlarının rəhnidir.

 

Leyla Əliyeva məktəblilərin ölkəmizdə idmanın, təhsilin, rus dilinin inkişafı və demoqrafik vəziyyət barədə suallarına cavab vermişdir. O xüsusi vurğulamışdır ki, Azərbaycan uşaqları da biliklərə yiyələnməyə, təhsilə can atırlar. O, gənclərə hansı ixtisası seçmələrini məsləhət görməyi barədə suala cavabında media sahəsinin adını çəkərək demişdir ki, bu, çox perspektivli və maraqlı işdir.

 

Sonra Leyla Əliyeva məktəbin sinif otaqları və kabinələri ilə tanış olmuş, uşaqlarla söhbət etmiş, məktəbə böyük bir televizor, musiqi mərkəzi və başqa hədiyyələr bağışlamışdır. Görüşün sonunda xatirə şəkli çəkilmişdir.

 

Vladimir Omelnitski Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbərinə rusiyalı uşaqlara diqqətinə görə təşəkkür edərək demişdir ki, bu səfər gələcək dostluğun və əməkdaşlığın təməli olacaqdır. Uşaq diplomatiyası ən güclü diplomatiyadır və biz ümid edirik ki, Azərbaycanla daha yaxından tanış olacağıq. Məktəbin direktoru Lyubov Katayeva xeyriyyəçiliyinə və yetim uşaqlara qayğısına görə qonağa ürəkdən təşəkkürünü bildirmişdir.

 

Görüşdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov iştirak etmişdir.


Paylaş: