17 may 2008

İslam Konfransı Təşkilati ekspertlərinin iclasının yekun sənədində Leyla Əliyevanın təşəbbüsü dəstəklənib

Mayın 17-də İstanbulda İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında yekun sənəd qəbul olunmuşdur.


İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə birinci Baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət – Qarabağa azadlıq” kampaniyası İKT ekspertləri tərəfindən dəstəklənmiş və 26 fevral - Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olunmuşdur.

 

Bundan əlavə, Xocalı qətliamının İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklif də İKT nazirlərinin toplantısına təqdim ediləcəkdir. Qəbul olunmuş sənəddə Xocalı soyqırımının Avropa, Asiya və Afrika ölkələri regional parlamentlərarası assambleyalarının dialoqu zamanı bəşəriyyətə qarşı kütləvi qətliam kimi tanınması barədə məsələ də qaldırılacaqdır.

 

Toplantı iştirakçıları Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə hazırlanmış və Xocalı soyqırımından bəhs edən sərgi ilə, habelə Bosniya və Herseqovinada, Fələstində törədilmiş qətliamlardan bəhs edən fotoşəkillərlə də tanış olmuşlar.

 

Müzakirələrin yekununa dair qəbul olunmuş sənəd İKT Mədəniyyət Nazirləri Şurasına təqdim olunacaqdır.


Paylaş: