01.jpg
29 sentyabr 2007

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi Leyla Əliyeva Tver vilayətində rəsmi səfərdə olub

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi Leyla xanım Əliyevanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 28-də Tver vilayətində rəsmi səfərdə olmuşdur.


Səfər zamanı Tver vilayətinin vitse-qubernatoru K.Buyeviç, Tver şəhərinin meri O.Lebedev, gənclər komitəsinin sədri xanım O.Sukova ilə rəsmi görüşlər keçirilmişdir. Görüşlərdə ikitərəfli əlaqələrin möhkəmlənməsində gənclərin rolu, azərbaycanlı gənclərin yerli mühitə inteqrasiyası və bu sahədə diasporun əhəmiyyəti xüsusi vurğulanmışdır. Regionda 25 min nəfərə yaxın azərbaycanlı yaşayır. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi Leyla xanım Əliyevanın Fondun fəaliyyəti barədə çıxışı azərbaycanlı gənclər və diaspor fəalları arasında böyük maraq doğurmuşdur.


Fondun bilavasitə yardımı ilə azərbaycanlı gənclərin Azərbaycanda gedən proseslərdən geri qalmamaları, ən vacibi isə Azərbaycan dilini unutmamaları üçün respublikamız və xalqımız haqqında doğma dildə kitablarla təmin olunmaları, Tver şəhərinin meri ilə əldə edilmiş razılığa əsasən «Bazar Günü» məktəbinin açılması, Tverdə yaşayan azərbaycanlı gənclərin internet səhifəsinin yaradılması qərara alınmışdır. Leyla xanım Əliyeva azərbaycanlı gənclər ilə görüş keçirmiş və onları maraqlandıran müxtəlif suallara cavab vermişdir. Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.


Leyla xanım Əliyevanı bu səfərdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qudsi Osmanov müşayiət etmişdir.


FOTO

Paylaş: