15 oktyabr 2007

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Moskvadakı Azərbaycan-gürcü məktəbində olub

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva oktyabrın 15-də Moskvadakı Azərbaycan və gürcü etnik-mədəni təhsil komponentli 1331 №-li məktəbdə olmuşdur.


Ölkəmizin Moskvadakı səfirliyindən bildirmişlər ki, milli geyimli şagirdlər Leyla xanım Əliyevanı məktəbin foyesində səmimiyyətlə, Azərbaycan musiqisi sədaları altında qarşılamışlar.


Leyla xanım Əliyeva məktəbin müəllim və şagirdləri ilə görüşmüş, Heydər Əliyev Fondunun ölkəmizin təhsil sisteminin inkişafı sahəsində fəaliyyəti, Fondun Rusiyadakı nümayəndəliyinin xaricdəki Azərbaycan məktəblərinin dəstəklənməsinə yönəlmiş işləri barədə məlumat vermişdir. Xüsusi vurğulamışdır ki, son illərdə Fondun təhsil proqramı çərçivəsində ölkəmizdə müasir tipli 200-dən çox ümumtəhsil məktəbi tikilmiş və yenidən qurulmuşdur və bu iş fəal surətdə davam etdirilir. Leyla xanım Əliyeva ilk dəfə gəldiyi bu məktəbi bundan sonra daim diqqət mərkəzində saxlayacağını, qarşıya çıxan problemin həllinə lazımi kömək göstərəcəyini bildirmişdir.


Məktəbin direktoru Validə Məmmədova Leyla xanım Əliyevanın bu kollektivə diqqətinə görə ürəkdən təşəkkür etmiş, Azərbaycan-gürcü məktəbinin tarixi və fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, azərbaycanlı və gürcü uşaqlar yaxşı oxumaqla bərabər, bir-birini başa düşür və dəstəkləyir, informasiya mübadiləsi aparırlar. Görüşdə gürcü dilində təhsil qrupunun müəllimləri də çıxış etmiş, Heydər Əliyev Fondunun nümayəndəliyinin bu məktəbə göstərdiyi diqqətdən məmnun olduqlarını bildirmiş, azərbaycanlı uşaqların yüksək səviyyəsini vurğulamışlar.


Axırda uşaqlar Azərbaycan, rus və gürcü dillərində musiqili-ədəbi kompozisiya ilə çıxış etmişlər.


Leyla xanım Əliyeva məktəbin kitabxanası və muzeyi ilə də tanış olmuşdur. O, məktəb muzeyinə Heydər Əliyev Fondu haqqında kitabın suvenir nəşrini və nəfis tərtibatlı “Qarabağ xanəndələri” musiqi albomunu hədiyyə etmişdir.