01.jpg
26 oktyabr 2007

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin başçısı Leyla Əliyeva Tula vilayətində olub

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Azərbaycan klubunun lideri Leyla Əliyeva oktyabrın 26-da RF-nin Tula vilayətində olmuşdur.


Leyla xanımı milli geyimli rus qızları duz-çörəklə qarşılamışlar. Qonaq L.N.Tolstoy adına Tula Pedaqoji İnstitutuna getmiş, bu ali məktəbdə təhsil alan gənclərlə, o cümlədən azərbaycanlı tələbələrlə görüşmüşdür. O, Heydər Əliyev Fondunun fəaliyyətindən, xüsusən Fondun Rusiyadakı nümayəndəliyinin məqsəd və vəzifələrindən danışmışdır. Bildirmişdir ki, Fondun Rusiyadakı nümayəndəliyi ölkənin bütün regionlarında azərbaycanlı gənclərin Azərbaycan klubları yaratmasına və gənclərin həmin klublarda birləşməsinə kömək etmək niyyətindədir.


Günün ikinci yarısında Leyla Əliyevanın Tula vilayətinin qubernatoru Vyaçeslav Dudka və şəhər administrasiyasının başçısı Albert Ukolov ilə görüşləri olmuşdur. Bu görüşlərdə Azərbaycan ilə Rusiya arasında dostluq münasibətləri vurğulanmış, regiondakı Azərbaycan icması ilə, o cümlədən azərbaycanlı gənclərlə bağlı məsələlər müzakirə edilmişdir. Leyla Əliyeva demişdir ki, bu səfərin əsas məqsədi Tula vilayətində yaşayan gənc soydaşlarımızla, Azərbaycan diasporu ilə sıx əlaqə yaratmaqdır. Fondun Rusiya-Bakı nümayəndəliyinin qarşısında Azərbaycanın mədəniyyətini, tarixini, elmini bu ölkədə təbliğ etmək və bununla da Azərbaycan və rus xalqları arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək etmək vəzifəsi durur.


Leyla Əliyeva Tula vilayət kitabxanasında da olmuşdur.


Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin başçısını səfər zamanı Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov müşayiət etmişdir.


FOTO