HEYDAR ALIYEV-KITAB-XATIRA-TAQDIMAT .jpg
12 dekabr 2007

Moskvada “Heydər Əliyev haqqında teleqraf mətni ilə” kitabının təqdimatı keçirilib

Moskvada Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin dəstəyi ilə “İnterfaks” informasiya agentliyi tərəfindən nəşr edilmiş “Heydər Əliyev haqqında teleqraf mətni ilə” kitabının təqdimatı keçirilmişdir. Təqdimat mərasimində Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Ticarət-Sənaye Palatasının (TSP) prezidenti Yevgeni Primakov, Azərbaycan Prezidentinin İcra Aparatının sektor müdiri Fuad Axundov iştirak etmişlər.

 

Kitabda “İnterfaks” agentliyinin xəbər lentləri materialları əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-2003-cü illərdəki çıxışları və bəyanatları toplanmışdır.

 

RF TSP prezidenti Yevgeni Primakov giriş sözündə “təkcə Azərbaycan miqyasında deyil, həm də dünya miqyasında böyük insan, dahi siyasi xadim və şəxsiyyət olan Heydər Əliyevin irsinin öyrənilməsi üçün mühüm tarixi sənəd” adlandırdığı bu kitabın nəşrinə yardımçı olmuş Heydər Əliyev Fonduna və şəxsən onun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya təşəkkür etmişdir.

 

Yevgeni Primakov dahi şəxsiyyətlə görüşləri barədə xatirələrini bölüşərək demişdir ki, Heydər Əliyev “çox geniş əhatəli, zəngin dünyagörüşünə malik, dərin təfəkkürlü bir insan” idi. Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin qurulması və inkişafı üçün çox böyük səy göstərməklə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün də mümkün olan hər şeyi edirdi. Y.Primakov əminliklə vurğulamışdır ki, əgər Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyət sükanı Heydər Əliyevin əlində olsaydı, o, qan tökülməsinə və münaqişənin hərbi mərhələyə çatmasına yol verməzdi. O demişdir: “Böyük sürətlə inkişaf etməkdə olan müasir Azərbaycanın indi malik olduğu dəyərlər Heydər Əliyevin gərgin dövləti əməyinin bəhrəsidir. Müasir Azərbaycanın həyatın bütün sahələrində qazandığı böyük uğurlar onunla bağlıdır ki, ölkənin indiki Prezidenti İlham Əliyev Heydər Əliyevin xəttini inamla davam etdirir. Respublikada görülən işlər buna sübutdur. Bütün bunlar onu göstərir ki, İlham Əliyevin siyasəti Azərbaycanı daha böyük tərəqqiyə doğru aparır”.

 

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu xatırlatmışdır ki, vaxtilə böyük siyasətdən uzaqlaşmağa məcbur edilmiş Heydər Əliyev Vətənin çağırışına cavab olaraq yenidən qayıtdı və Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini xilas etdi. P.Bülbüloğlu xüsusi vurğulamışdır ki, Heydər Əliyev özünün çox böyük nüfuzu və intellekti sayəsində 1990-cı illərin əvvəllərində respublikada başlanmaqda olan vətəndaş müharibəsini və Ermənistan-Azərbaycan münaqişə zonasında hərbi əməliyyatları dayandırmağa müvəffəq oldu. Səfir demişdir: “O, suveren Azərbaycanın lideri ola bildi, bu, hər kəsin işi deyil”.

 

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva ondan ötrü doğma olan bu insan haqqında səmimi sözlərə görə tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkür etmiş, “İnterfaks” agentliyinin baş direktoru Mixail Komissara xüsusi minnətdarlığını bildirmişdir. Leyla Əliyeva əminliklə demişdir ki, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əliyev haqqında hələ çox kitablar yazılacaqdır. Çünki onun həyat və fəaliyyəti tarixçilər və politoloqlar üçün təkcə nümunə deyil, həm də öyrənilməli mövzudur. O qeyd etmişdir ki, “Heydər Əliyev haqqında teleqraf mətni ilə” kitabının xüsusi dəyəri və maraqlı olması onunla bağlıdır ki, bu kitabda məşhur siyasətçinin və görkəmli insanın ən dramatik dövrlərindən biri -1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qanlı hadisələrlə əlaqədar dövrü təsvir edilir. O vaxt Heydər Əliyev öz xalqı ilə həmrəy olaraq, “İnterfaks” agentliyinə gəlmiş və tarixi bəyanatla çıxış etmişdir. Agentliyə təzyiq göstərilməsinə baxmayaraq, həmin bəyanat yayılmışdır. Leyla Əliyeva demişdir: “O dövr üçün bu, cəsarətli addım idi, xüsusən ona görə ki, sovet rəhbərliyi bu agentliyi bağlamağa və söz azadlığını boğmağa çalışırdı. Jurnalistlər riskə gedərək, bəyanatın tam mətnini dərc etmişlər. Heydər Əliyev “İnterfaks” jurnalistlərinin cəsarətini və prinsipiallığını çox yüksək qiymətləndirmişdi”.

 

“İnterfaks” agentliyi baş direktorunun birinci müavini Vyaçeslav Terexov Heydər Əliyevlə görüşlərindən, onunla ünsiyyətindən aldığı təəssüratları bölüşmüş, bu görkəmli siyasətçinin və dövlət xadiminin şəxsiyyətinin nadirliyini vurğulamışdır.

 

Azərbaycan Prezidentinin İcra Aparatının sektor müdiri Fuad Axundov demişdir ki, Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinə xüsusi əhəmiyyət verirdi. Ölkələrimiz arasında münasibətlərin müərəkkəbləşdiyi dövrdə müdrik siyasi xadimin uzaqgörənliyi bu münasibətləri yeganə düzgün yola – dostluq, qardaşlıq və mehriban qonşuluq yoluna çıxarmağa imkan verdi və bunun nəticələri indi görünür və hiss edilir.

 

Leyla Əliyeva jurnalistlərin suallarına cavab verərkən Heydər Əliyev haqqında kitab yazmaq niyyətində olduğunu bildirmişdir. Bu kitabda o, öz təkcə böyük siyasətçi deyil, həm də insanları sevən, onlara qarşı diqqət və qayğı göstərən dahi babası haqqında, onun ailə üzvləri üçün dayaq olmağı bacarması haqqında söhbət açmağa çalışacaqdır.

 

“Görkəmli adamların həyatı” seriyasında nəşr edilmiş “Heydər Əliyev” kitabının həmmüəllifi Viktor Andrianov Leyla Əliyevaya və onun şəxsində Heydər Əliyev Fonduna həmin seriyadan olan “İlham Əliyev” kitabının siqnal nüsxəsini bağışlamışdır. Bu kitab Hüseynbala Mirələmovla birlikdə yazılmışdır. Ümumrusiya Azərbaycan Konqresi adından Leyla Əliyevaya Heydər Əliyevin rəssam Əsgər Məmmədov tərəfindən çəkilmiş portreti təqdim edilmişdir.


FOTO