HEYDAR ALIEV-XATIRA-MOSKVA_2.JPG
12 dekabr 2011

Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsi Moskvada ehtiramla yad edilmişdir. Tədbirin əvvəlində Azərbaycanın Rusiyadakı səfirliyində Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyulmuşdur. Sonra xatirə gecəsi Heydər Əliyev Fondunun köməyi ilə bu yaxınlarda Rusiya paytaxtında açılmış Azərbaycan Mədəniyyəti Mərkəzində davam etmişdir.


Ümummilli liderin həyat və fəaliyyətinin əsas mərhələlərini əks edən videoçarx nümayiş etdirilmişdir.


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq qeyd etmişdir ki, Heydər Əliyev özünün dolğun və parlaq həyatını bütünlüklə xalqına, Vətənə və dövlətə xidmətə həsr etmişdir. Səfir demişdir: “Azərbaycan xalqı öz görkəmli liderinin müqəddəs xatirəsini həmişə hörmətlə yad edəcəkdir. Bu gün azərbaycanlılar yaşayan hər yerdə Heydər Əliyevin xatirə günü qeyd edilir”.


Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya bölməsinin rəhbəri Leyla xanım Əliyeva xatirə gecəsində çıxış etmişdir. O demişdir ki, dekabrın 12-si ağır gündür, həmin gün böyük insan, dahi siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dünyasını dəyişmişdir. Bu gün bütün Azərbaycan xalqı üçün ağır gündür. O demişdir: “Mən 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının necə ağrılı hisslər keçirdiyini görmüşəm. Bu ağrı hər bir ailədə, hər bir evdə duyulurdu. Bu itkinin ağrısı dünyada bütün azərbaycanlıların qəlbində həmişəlik qalacaqdır. Axı Heydər Əliyev təkcə parçalanmaqdan, hərc-mərclikdən və vətəndaş müharibəsindən xilas etdiyi ölkənin Prezidenti deyildi. O, böyük siyasətçi idi, bütün dünyada onu tanıyır və onunla hesablaşırdılar. O, dahi insan, öz ölkəsinin ümummilli lideri idi və dünyasını dəyişəndən sonra da ümummilli lider kimi qalmışdır”.


Leyla Əliyeva xüsusi vurğulamışdır ki, artıq səkkiz ildir Heydər Əliyev aramızda yoxdur. Lakin o, sözün hər mənasında sağdır. Heydər Əliyev Fondunun vitse-prezidenti demişdir: “O, çiçəklənən Azərbaycanda, gözəlləşən Bakı şəhərində, tikilməkdə olan yeni yollarda, binalarda, idman komplekslərində, aeroportlarda, məktəblərdə, muzeylərdə, teatrlarda... yaşayır. O, yaşayır və Bakının dünyada ən gözəl şəhərlərdən birinə çevrildiyini görür. O, adını daşıyan Heydər Əliyev Fondunun mədəniyyət, elm, təhsil, səhiyyə, ekologiya və xeyriyyəçilik sahələrində gördüyü bütün nəcib işlərdə yaşayır. Heydər Əliyev Fondu fəaliyyətdə olduğu qısa müddətdə əhalinin demək olar ki, bütün təbəqələrinin dəstəyini və etimadını qazana bilmişdir. Buna görə də Heydər Əliyev yaşayır və öz xalqı üçün, dünyada hər şeydən çox sevdiyi ölkəsi üçün xeyirxah işlər görməkdə davam edir”.


Leyla Əliyeva tədbir iştirakçılarına Heydər Əliyevin xatirəsini əziz tutduqlarına görə təşəkkürünü bildirmişdir. O, lap yaxın vaxtlarda Moskvada açılmış, mövcud olduğu qısa müddətdə artıq çox işlər görmüş Azərbaycan Mədəniyyət Mərkəzində bu tədbirin keçirilməsini rəmzi hadisə adlandırmışdır. Leyla Əliyeva sonda demişdir: “Əminəm ki, bu mərkəz inkişaf edəcək və daha yaxşı olacaqdır. Axı Heydər Əliyev həmişə yalnız ən yaxşı olanlara inanırdı”.


Milli Məclisin deputatı, tanınmış publisist, Heydər Əliyev haqqında silsilə kitabların müəllifi Elmira Axundova Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqil Azərbaycanın Prezidenti olduğu vaxtda xarici siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, SSRİ-də mühüm dövlət vəzifəsi tutan Heydər Əliyev Kremlin Şərq siyasətini, müstəqillik dövründə isə suveren Azərbaycanın çoxvektorlu xarici siyasətini yürüdən şəxs olmuş, dünyanın bir sıra məşhur liderləri və tədqiqatçıları onun diplomatiya sahəsində zəngin təcrübəyə və biliyə malik olduğunu vurğulamışlar. E.Axundova özünün “Şəxsiyyət və zaman” dördcildliyini, habelə “Həqiqət anları” və “Poliqrafçının qətli” kitablarını Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə etmişdir.


MDBMİ-nin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Stanislav Çernyavski Heydər Əliyev şəxsiyyətinin müxtəlif cəhətləri haqqında söhbət açaraq demişdir: “Azərbaycanda işləmiş bir diplomat kimi mənim üçün onun nitqlərini dinləmək həmişə maraqlı və xoş idi. O, ölkənin daxili siyasi həyatında qüvvələrin tarazlığını məharətlə saxlamağı bacarırdı. Heydər Əliyevin işləri, icrasına özünün nəzarət etdiyi tapşırıqlar Azərbaycanın simasını günbəgün dəyişirdi. Heydər Əliyev dünyanın bütün güclü şəxsiyyətləri ilə qarşılıqlı anlaşmaya nail ola bilirdi. Bu, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına imkan vermişdir. Sevindirici haldır ki, bu gün Azərbaycan əsası Heydər Əliyev tərəfindən qoyulmuş yol ilə inamla addımlayır. Onun fəaliyyət xəttini ölkənin indiki Prezidenti İlham Əliyev davam etdirir. Heydər Əliyev Fondu da Heydər Əliyevin işlərinin davam etdirilməsinə böyük töhfə verir”.


Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) baş katibi Mikayıl Hüseynov xaricdəki Azərbaycan diasporunun sıx birləşməsinə Heydər Əliyevin töhfəsi, Azərbaycan haqqında həqiqətin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv informasiyanın dünya ictimaiyyətinə çatdırılması işində bu amilin vacibliyi haqqında söhbət açmışdır. O, Heydər Əliyev tərəfindən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin çox böyük əhəmiyyətini vurğulamışdır. M.Hüseynov bildirmişdir ki, ÜAK-ın Rusiya regionlarındakı bölmələrinin çoxunda ümummilli liderin xatirə günü qeyd edilir.


Tədbirdə Türkiyə Cümhuriyyətinin Rusiya Federasiyasındakı səfiri Aydın Sezgin, Azərbaycan və Rusiya ictimaiyyətinin nümayəndələri, Moskva ali məktəblərinin azərbaycanlı tələbələri, gənclər iştirak etmişlər.



FOTO