7 dekabr 2011

İstanbulda keçirilən II işgüzarlıq sammitində Leyla Əliyevanın təşəbbüsü yüksək qiymətləndirilib

Dekabrın 3-dən 6-dək İstanbulda “İşgüzarlıq, dəyərlər və inkişaf” adlı İkinci İşgüzarlıq Sammiti keçirilmişdir.


İslam Konfransı Gənclər Forumundan bildirmişlər ki, ABŞ Prezidenti Barak Obamanın 2009-cu ildə məlum Qahirə çıxışından sonra bu layihəyə start verilmiş və 2010-cu ildə ABŞ hökumətinin ev sahibliyi ilə birinci sammit keçirilmişdir. Bir sıra dövlətlərin nazirlərinin, ABŞ-ın vitse-prezidenti Corc Baydenin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunun, o cümlədən 5 minədək qonağın iştirak etdiyi tədbirdə İƏT Gənclər Forumunun təşkilatçılığı ilə sammitin tərkib hissəsi olaraq “İnkişaf çağırışlarına yeni nəslin cavabı: İƏT Gənc İş Adamları Şəbəkəsi (ICYEN) – İƏT-in üzvü olan ölkələrdə gənc işgüzarlar üçün yeni platforma” mövzusunda xüsusi panel təşkil olunmuşdur. Panelin əsas mövzusu olan, İƏT Gənclər Forumunun və Azərbaycan hökumətinin təşkilatçılığı ilə noyabrın 22-23-də Bakıda keçirilmiş beynəlxalq konfransda təsis olunan İƏT Gənc İş Adamları Şəbəkəsinin təqdimatı keçirilmişdir.


Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Dünyanı dəyişə biləcək 10 gənc müsəlman” adlı beynəlxalq mükafatın təqdimatı keçirilmişdir. Paneldə çıxış edən İƏT Gənclər Forumunun baş katibi səfir Elşad İskəndərov, SESRTCIC və Türkiyə Palatalar və Birjalar İttifaqını (MUSİAD) təmsil edən natiqlər Leyla xanım Əliyevanın bu təşəbbüsünü yüksək qiymətləndirmiş, mükafatın, həmçinin adıçəkilən şəbəkənin İƏT-in üzvü olan ölkələrdə gənclərin işgüzarlığının perspektivlərinə müsbət təsir göstərəcəyini vurğulamışlar.


Natiqlər, həmçinin qeyd etmişlər ki, Gənc İş Adamları Şəbəkəsi İƏT-in üzvü olan ölkələrdə fəaliyyət göstərən gənc iş adamları üçün birgə platforma rolunu oynamaqla, onlar arasında biznes məlumat mübadiləsi aparmağa, iqtisadiyyatın inkişafına töhfə verə biləcək biznes fəaliyyətinin stimullaşdırılmasına, o cümlədən qlobal səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradır.


ABŞ Prezidentinin İƏT-in üzvü olan ölkələr üzrə xüsusi nümayəndəsi Rəşad Hüseynin də iştirak etdiyi tədbirdə Şəbəkənin dünya işgüzarlıq strategiyasının tərkib hissəsi olması haqqında qərarın Sammitin yekun qətnaməsinə salınması təklifi dəstəklənmişdir .