00013.jpg
31 oktyabr 2015

Leyla Əliyeva Moskvada keçirilən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin VI Forumunda iştirak edib

Oktyabrın 31-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusunda VI Forumu keçirilib.


Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva Forumun işində iştirak edib.


Foyedə RAGB-nin, IDEA (Ətraf mühitin qorunması naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyətinə həsr edilmiş fotosərgi açılıb, Heydər Əliyev Fondu öz nəşrlərini və XIX-XX əsrlərə aid milli geyimlər sərgisini təqdim edib.


Leyla Əliyeva Forum barədə fikirlərini rusiyalı jurnalistlərlə bölüşüb: “Rusiyada olmaqdan həmişə böyük məmnunluq duyuram... Rusiyada çoxlu azərbaycanlı, o cümlədən azərbaycanlı gənclər yaşayır. Bu konfransı keçirməkdə məqsəd həmin gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiya olunmasına kömək etməkdir”.


Leyla Əliyeva Forumda təhsil və ekologiya məsələlərinin müzakirə ediləcəyini vurğulayıb: “Ekologiya bizim üçün çox vacibdir. Bilirəm ki, bizim ölkəmiz kimi, Rusiya da ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir. Biz bu istiqamətdə Rusiya ilə daha sıx əməkdaşlıq etmək istəyirik. Bundan əlavə, forumda mədəniyyət, idman mövzularına, bir sözlə, gəncləri maraqlandıran bütün məsələlərə toxunulacaq”.


Əvvəlcə RAGB-nin fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.


Leyla Əliyeva forumda çıxış edib.


Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Leonid Slutski, Rusiya Prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Moskva Hökumətinin departament rəhbəri Vladimir Çernikov, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbəsi Polad Talıbov forumda çıxış ediblər.


Tədbirin sonunda əlaçı tələbələrin, RAGB-nin keçirdiyi müsabiqələrin qaliblərinin və gənclər təşkilatının fəallarının təltif edilməsi mərasimi keçirilib. Leyla Əliyeva Rusiyanın ali məktəblərində əla qiymətlərlə oxuyan azərbaycanlı tələbələrə “Gənclər Birliyinin əlaçısı” diplomlarını təqdim edib.


Forum işini bölmələrdə davam etdirib. İştirakçılar – Azərbaycan diasporunun nümayəndələri və Rusiya gənclər təşkilatlarının təmsilçiləri “Azərbaycan və yeni dövrün çağırışları”, “IDEA – bir dünya, bir gələcək”, “Ədalət səfiri ol”, “Turizmin və diyarşünaslığın inkişafı gənclərin vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin vasitəsi kimi”, “Gənclərin karyera inkişafı: sahibkarlıq və uğura aparan yol” mövzularında bölmələrdə iştirak edib, müzakirələr aparıblar.


FOTO