25 noyabr 2011

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurası rəyasət heyətinin üzvü seçilib

Noyabrın 25-də Moskvada Ümumrusiya Azərbaycan Konqresinin III qurultayı öz işini başa çatdırmışdır.


Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qurultayda geniş məruzə ilə çıxış etmişdir. O, dövlətimizin xaricdəki Azərbaycan diasporu ilə iş sahəsində siyasəti haqqında söhbət açmış, Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd etmişdir. ÜAK-ın növbəti qurultayının keçirilməsinin Rusiyanın çoxsaylı Azərbaycan diasporunun həyatında əlamətdar hadisə olduğunu vurğulayan R.Mehdiyev demişdir: “Qurultayın qərarları diasporun işinin fəallaşmasına və onun fəaliyyətinin daha sıx əlaqələndirilməsinə xüsusi təkan verəcəkdir”. Müstəqilliyini bərpa etdikdən sonra xaricdə yaşayan həmvətənlərlə işin Azərbaycan dövləti üçün prioritet sahələrdən birinə çevrildiyini qeyd edən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri demişdir: “Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra diasporla iş ardıcıl xarakter kəsb etmiş, Dünya Azərbaycanlılarının birinci qurultayı keçirilmiş, Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır”. R.Mehdiyev qeyd etmişdir ki, Ümumrusiya Azərbaycan Konqresi Rusiyanın mühüm ictimai təşkilatına çevrilmişdir. Administrasiya rəhbəri xatırlatmışdır ki, Prezident İlham Əliyev ikinci qurultayda ÜAK-ın fəaliyyətini yüksək qiymətləndirmiş, onun Rusiyanın dövlət strukturları və siyasi partiyaları ilə səmərəli əməkdaşlıq yaratmasını, mətbu orqanı olmasını, RF-nin ictimai həyatında, xeyriyyə aksiyalarında və başqa tədbirlərdə iştirak etməsini diqqətə çatdırmışdır.


“Azərbaycan dövlətinin fəallığı və dəstəyi sayəsində ÜAK RF-nin subyektlərindəki regional bölmələri öz ətrafında sıx birləşdirə bilmişdir” – deyən Ramiz Mehdiyev diqqəti buna cəlb etmişdir ki, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) RF-də azərbaycanlı gənclərin sıx birləşməsində mühüm rol oynamışdır. “RAGT-nin yaradılması gənclərin ciddi və uğurlu layihəsidir”.


R.Mehdiyev vurğulamışdır ki, Rusiya azərbaycanlıları böyük intellektual, iqtisadi, mədəni və ictimai-siyasi potensiala malikdir və sevindirici haldır ki, Azərbaycan diasporu Rusiya cəmiyyətinə uğurla inteqrasiya etmişdir.


Prezident Administrasiyasının rəhbəri iki ölkə arasında əlaqələrə toxunaraq demişdir ki, Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biridir. O demişdir: “Heydər Əliyev və Vladimir Putin bu münasibətlərin normallaşması, inkişafı və möhkəmlənməsi üçün möhkəm təməl yaratmışlar. İndiki dövlət başçıları Dmitri Medvedev və İlham Əliyev bu xətti səmərəli şəkildə davam etdirirlər. Biz Qəbələ RLS-in statusu və istismar şərtləri, Xəzər dənizinin statusu, dövlət sərhədi kimi məsələlərdə razılığa nail olmuşuq. Rusiya Azərbaycanın bu cür saziş bağladığı ilk ölkə olmuşdur. Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir”.


R.Mehdiyev Azərbaycanda rus dilinə qayğıkeş münasibət, son illərdə ölkənin siyasi və iqtisadi uğurları haqqında da söhbət açmış, Azərbaycan reallıqlarının xaricdə, o cümlədən Rusiyada da təbliğini gücləndirməyin zəruri olmasını vurğulayaraq demişdir: “Diaspor təşkilatları Rusiyada dövlətlə və səfirliklə birlikdə vahid komanda kimi işləməlidirlər”.


Sonra Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ÜAK prezidenti Məmmədbağır Əliyevə “Dostluq” ordeni təqdim etmişdir. Administrasiya rəhbəri Azərbaycan Prezidenti adından həmyerlimiz, Rusiyanın məşhur sahibkarı Qod Nisanova xeyriyyəçilik, Rusiyadakı həmvətənlərin dəstəklənməsinə görə “Tərəqqi” medalını və Moskvadakı “Dərviş” teatrının rejissoru Mərdan Feyzullayevə “Azərbaycanın Əməkdar Artisti” adı verilməsi haqqında diplomu da təqdim etmişdir.


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qurultayda çıxış edərək diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsinin, onların işinin ölkəmizin Rusiyadakı diplomatik nümayəndəlikləri ilə uzlaşdırılmasının vacibliyindən danışmışdır.


ÜAK Moskva regional bölməsinin sədri İlqar Hacıyev, İvanovo regional bölməsinin sədri Sərraf Məmmədov, “Zvezda” prodüser şirkətinin baş direktorunun müavini Rüstəm Arifcanov, Milli Məclisin deputatı Mixail Zabelin, ÜAK Sverdlovsk regional bölməsinin sədri Şahin Şıxlinski, İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman məruzələrlə çıxış etmişlər.


Qurultayda ikinci qurultaydan sonrakı dövr ərzində görülmüş iş haqqında hesabat, təftiş komissiyasının hesabatı dinlənilmiş, təşkilatın nizamnaməsinə dəyişikliklər edilmişdir. ÜAK-ın perspektivləri, fəaliyyətinin təkmilləşdirilməsi məsələləri, onun qarşıda duran vəzifələri barədə geniş fikir mübadiləsi aparılmışdır.


Qurultay nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevə və Rusiya Prezidenti Dmitri Medvedevə müraciətləri, habelə ÜAK-ın üçüncü qurultayının qətnaməsi qəbul edilmişdir.


Sonra təşkilati məsələlər həll edilmişdir. Məmmədbağır Əliyev yenidən Ümumrusiya Azərbaycan Konqresinin prezidenti seçilmişdir. Mikayıl Hüseynov ÜAK-ın baş katibi seçilmişdir. ÜAK Mərkəzi Şurası rəyasət heyətinin yeni üzvləri də seçilmişdir. Onların arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyeva, ÜAK-ın prezidenti Məmmədbağır Əliyev, sahibkarlar Araz Ağalarov, Vahid Ələkbərov, Abbas Abbasov, Fərhad Əhmədov, politoloq İsmayıl Ağakişiyev vardır.


Sonda Məmmədbağır Əliyev ona verilmiş mükafata, xaricdəki həmvətənlərə diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmişdir. O, Rusiyanın Azərbaycan diasporunun dəstəklənməsinə görə Ramiz Mehdiyevə də təşəkkürünü bildirmişdir.