004.JPG
10 may 2023

Şuşada Yuxarı Gövhər Ağa məscidi əsaslı yenidənqurma və bərpadan sonra açılıb

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər.

 

Dövlətimizin başçısı və birinci xanım, həmçinin ensiklopedik alim Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərginin açılışında iştirak ediblər.

 

Əvvəlcə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məsciddə görülən işlər barədə məlumat verildi.

 

Bildirildi ki, Yuxarı Gövhər Ağa məscidində 2021-ci ilin sonlarından aparılan bərpa işləri başa çatıb. Məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Məscidin müəllifi məşhur memar Kərbəlayi Səfixan Qarabağidir. Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib.

 

Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi ermənilər tərəfindən dağıdılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilib.

 

Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədi ilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universiteti nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasında araşdırılıb.

 

Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. İşğal dövründə məscidə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb.

 

Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri aparılıb. Minarələrin boya işləri və qoruyucu qatın tətbiqi yekunlaşıb, məscidin dam örtüyünün qurulması həyata keçirilib.

 

Məlumat verildi ki, bərpa işləri mədrəsə binasını da əhatə edib. Məscidin mədrəsə hissəsində taxta dam konstruksiyanın qurulması işləri tamamlanıb. Mövcud döşəmə örtüyünün sökülməsi və qalıqların təmizlənməsi işləri başa çatdırılıb. Hazırda mədrəsə binasının ərazisində məscid minarəsinin ornamentləri və otaqların rəsmlərini işləmiş Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunan sərgi açılıb.

 

Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisi ilə tanış olublar.

 

Qeyd edək ki, Qarabağ ədəbi mühitinin görkəmli nümayəndələrindən biri - istedadlı şair, rəssam, musiqişünas, filosof, pedaqoq Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgidə onun Milli Azərbaycan Tarixi Muzeyində qorunan və XVIII–XIX əsrlərə məxsus Azərbaycan silah sənətini özündə təcəssüm etdirən şəxsi silah kolleksiyası, şairin müəllifi olduğu, illüstrasiya çəkdiyi və Şuşada öz nəşriyyatında çap etdiyi kitablar, onun musiqi, kimya, astronomiya sahəsində fəaliyyətinin əks olunduğu eksponatlar nümayiş etdirilir. Sərgidə astronomiya elmi ilə maraqlanan Mir Möhsün Nəvvabın bu sahə üzrə çəkdiyi cədvəllər, səma cisimlərinin yerləşməsi və Günəş tutulmaları ilə bağlı sxemləri də nümayiş olunur.


FOTO

VİDEO