5 sentyabr 2011

Böyük Britaniyanın nüfuzlu “Haffinqton post” qəzetində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Yaşıl gündəlik: sərhədləri aşaraq” başlıqlı məqaləsi dərc olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, “Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq” kampaniyasının təsisçisi Leyla xanım Əliyevanın Böyük Britaniyanın nüfuzlu “Haffinqton post” qəzetində “Yaşıl gündəlik: sərhədləri aşaraq” başlıqlı məqaləsi dərc olunmuşdur.


Məqalədə bildirilir: Bu il Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd edir və bu müddətdə ölkəmiz möhtəşəm uğurlar qazanmışdır.


Azərbaycanda iqtisadi artım və ölkənin gələcək inkişafını təmin etmək əsas prioritet kimi götürülmüşdür. Ölkə iqtisadiyyatının güclənməsi həm Azərbaycana, həm də onun ticarət tərəfdaşlarına öz müsbət təsirini göstərmişdir. Lakin bir böyük çətinlik hələ də qalmaqdadır - zəngin və fərqli ətraf mühitimizin mühafizəsi. Bu, nəinki Azərbaycanın, eləcə də regiondakı qonşularımızın reallığıdır.


Azərbaycan şimaldan Rusiya, cənubdan İran, qərbdən Türkiyə, Gürcüstan, Ermənistan, şərqdən Xəzər dənizi vasitəsilə Türkmənistan və Qazaxıstanla, o cümlədən Rusiya və İranla həmsərhəddir. Bu hüdudlar çərçivəsində bizim hamımızın bir ümumi problemimiz vardır. Tanınmış ingilis coğrafiyaşünas professor R.Conston demişdir: Dövlətlərdən fərqli olaraq, ətraf mühitin sərhədi olmur. Yuxarıda qeyd olunan sərhədlərin bəzilərində mövcud gərginliklər, o cümlədən təbii resurslardan ümumi asılılıq və sair məsələlər problemin çox mürəkkəb olduğunu deməyə əsas verir. Bütün bu gərginliklərə əlavə olaraq mən bunları da xatırlatmaq istəyirəm: Ermənistanın əsrlər boyu Türkiyəyə qarşı kin və ədavəti, Azərbaycanda Ermənistanın işğalçı qoşunları tərəfindən 1 milyon insanın öz yurd-yuvasından didərgin salınması, ümumiyyətlə, bəzi hallarda isə, qəsdən, bilərəkdən sovet ittifaqının son günləri bütün regionu əhatə edən ətraf mühitin zəhərlənmiş mirası.


Nəsli kəsilməkdə olan Qafqaz bəbirinin qorunmalı olduğunu qeyd edən Leyla Əliyeva Cənubi Qafqaz və onun hüdudlarından kənarda yaşayan bu heyrətamiz varlığın indi sadəcə kiçik və izolə edilmiş yerlərdə mövcud olduğundan yazır. Sərhədlərdə hərbi gərginliyin ifrat yüksək səviyyədə olduğu regionda heyvanların regionlararası təhlükəsiz hərəkəti dəhlizləri ideyası və bu ideyanın həyata keçirilməsi siyasətçilər üçün böyük çətinliklər yaradır. Bu yaxınlarda beş Xəzəryanı ölkə neft sızmalarının qarşısının birgə alınması və ətraf mühitin monitorinqinin aparılması ilə bağlı razılığa gəlmişlər. Nəticə etibarilə təkcə bir ölkədə deyil, bütün regionumuzun mədəni, siyasi və hərbi ayırıcı xətlərinə yenilənmiş yanaşma ilə biz etibarlı gələcək üçün şərait yarada bilərik. Beynəlxalq ictimaiyyət, siyasi və elmi dairələr anlamalıdırlar ki, real beynəlxalq dialoq olmadan ətraf mühitlə bağlı problemlərin həlli mümkün deyildir. Lakin dialoq vasitəsilə bir çox məsələlərə aydınlıq gətirmək olar.