DSCN0378.JPG
12 sentyabr 2012

Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı olub

Sentyabrın 12-də Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı olub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva iştirak edib.


Azərbaycan dövlətinin və Həştərxan vilayəti administrasiyasının rəsmi şəxsləri, Milli Məclisin deputatları, Azərbaycan icmasının nümayəndələri, şəhər sakinləri açılış mərasimində iştirak ediblər.

 

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Həştərxanın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə güllər qoydular. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin mərasimi açaraq dedi ki, bu gün Azərbaycan-Rusiya Dostluq körpüsünün açılması Həştərxan üçün həqiqətən mühüm tarixi hadisədir. Çünki Azərbaycan ilə Rusiyanın, Azərbaycan Respublikası ilə Həştərxan vilayətinin strateji maraqları sözdə deyil, işdə həyata keçirilir. Qubernator Həştərxanda Xəzər sahillərində tarixən yaşayan çoxsaylı xalqlar arasında dostluğun təməlinin qoyulmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığını bildirdi. O vurğuladı ki, bunu biz yaşlılar da qiymətləndiririk və düşünürəm ki, gələcək nəsillər, övladlarımız da qiymətləndirəcəklər. A. Jilkin, həmçinin bu humanitar layihənin reallaşdırılmasına görə Heydər Əliyev Fonduna və onun mərasimdə iştirak edən vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirdi, tədbirin iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik etdi.

 

Leyla Əliyeva tədbirdə çıxış etdi.


Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Dostluq körpüsünün rəmzi açılışını bildirən lenti kəsdilər.

 

Məlumat verildi ki, körpünün inşası barədə qərar 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri zamanı qəbul edilib. O zaman Rusiyanın bu şəhərində dahi Heydər Əliyevin abidəsi açılmışdı. 2011-ci ilin mayında “Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” I Rusiya-Azərbaycan Regional Forumu çərçivəsində Dostluq körpüsünün təməlqoyma mərasimi keçirilib. Ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin rəmzinə çevrilən körpünün tikintisi Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilib.

 

Piyadalar üçün Dostluq körpüsü Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirir. Körpünün sürahisinin ornamentlərində Bakının və Həştərxanın rəmzləri – Qız qalası və Həştərxan Kremli əks olunub. Körpünün uzunluğu 50 metr, eni isə 6 metrdir. Körpü şəhər sakinlərinin bir sahildən digər sahilə keçməsini asanlaşdıracaqdır.

 

Sonra tədbir iştirakçıları Heydər Əliyev parkında yaradılmış “Arzu” uşaq əyləncə şəhərciyinin açılışında iştirak etdilər. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən şəhərciyin ümumi sahəsi təxminən 1200 kvadratmetrdir. Burada 7 böyük və bir neçə kiçik attraksion quraşdırılmış, uşaqların istirahəti və təhlükəsizliyi üçün hər bir şərait yaradılmışdır. Hazırda parkın ərazisində uşaq kafesinin tikintisi davam etdirilir.



FOTO