03.JPG
12 sentyabr 2012

Həştərxanda Müqəddəs Knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimi olub

Sentyabrın 12-də Həştərxanda Müqəddəs Knyaz Vladimirin məbədi önündə knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.


Əvvəlcə Knyaz Vladimirin abidəsinin ucaldılacağı yerə müqəddəs su çiləndi. Sonra kapsul abidənin bünövrəsinə qoyuldu.

 

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin çıxış edərək dedi ki, dövlətin ən böyük rəhbərlərindən birinin – Müqəddəs Knyaz Vladimirin abidəsinin təməl daşının qoyulması Heydər Əliyev Fondunun Rusiyada həyata keçirdiyi çox əhəmiyyətli işlərin daha bir təsdiqidir. Bu məbədin tarixi ona görə maraqlıdır ki, yüz ildən bir qədər çox əvvəl Həştərxanda yaşayan bütün xalqların nümayəndələrinin ianələri hesabına tikilib. Ötən əsrin əvvəlində bolşeviklər bu məbədi uçurmağı planlaşdıranda məhz tatar icması azğınlaşmış ateistlərə sinə gərərək, onu məhv etməyə imkan verməmişdir.

 

Qubernator slavyan pravoslav mədəniyyəti üçün əlamətdar olan abidənin inşa olunmasını təklif etmiş Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək dedi ki, bu abidə Azərbaycan və Rusiya xalqları arasında əbədi və sarsılmaz dostluğun rəmzinə çevriləcəkdir. Aleksandr Jilkin Həştərxan hökuməti tərəfindən Bakı şəhərinin guşələrindən birində bağça və ya park salınması, orada da münasibətlərimizin, dostluğumuzun rəmzinin qoyulması təklifi ilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan rəsmi müraciəti təqdim etdi.

 

Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsi rəisinin müavini Sergey Çebotaryov abidənin yaradılması təşəbbüsünə və maliyyələşdirilməsinə görə Azərbaycana minnətdarlığını bildirdi.

 

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək dedi ki, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, humanizmin və şəfqətin təşviq edilməsi, etnoslararası və konfessiyalararası dialoqa yardım göstərilməsi Heydər Əliyev Fondunun və şəxsən onun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinin prioritet istiqamətlərindən biridir.

 

Knyaz Vladimirin abidəsinin ucaldılması barədə qərar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Abidənin inşası Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçiriləcəkdir. Hündürlüyü 14,5 metr olacaq abidənin maketi hazırlanır. Maketin hazırlanmasında Azərbaycan və Rusiya heykəltəraşları iştirak edəcəklər. Abidənin ətrafında park salınacaq, ərazi abadlaşdırılacaqdır.



FOTO