20 noyabr 2018

Moskvada “Yeddi gözəl” sərgisinin açılış mərasimi

Noyabrın 20-də Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində “Yeddi gözəl” sərgisi açılıb.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

 

Leyla Əliyeva tədbirdə çıxış edib:

 

- Bu gün biz “Yeddi gözəl” sərgisinin açılışını edirik. Sərginin konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin poeması və dünya şöhrətli bəstəkar Qara Qarayevin baleti əsasında qurulub. Bu gün siz miniatürləri, xalçaları və zinət əşyalarını görə biləcəksiniz. Ekspozisiya, həmçinin Azərbaycan klassik musiqisi, klassik rəqslər və müasir incəsənət elementləri ilə zənginləşdirilib. Sərgiyə gələn tamaşaçılar yeddi gözəl və Bəhram şah əfsanəsinin sehrinə dalacaqlar. “Yeddi gözəl” poeması Şərq poeziyasının ən yaxşı nümunələrindən biridir. Poemanın dərinliyi, fəlsəfi aləmi xalçalar, kitab miniatürləri proyeksiyaları, dekorativ tətbiqi sənət nümunələri və instalyasiyalar vasitəsilə təqdim olunur. “Yeddi gözəl” baletinə həsr olunmuş və bu gün tamaşaçılara təqdim olunan arxiv materialları çox qiymətli tarixi arayışlardır. Bu gün siz qədim afişalar, baletin proqramları, fotoşəkillər vasitəsilə informasiya əldə edə bilərsiniz. “Yeddi gözəl” sərgisinin açılışı olduqca əhəmiyyətlidir. Çünki dahi Nizaminin əsərləri Azərbaycan ədəbiyyatının böyük bir dövrünü əhatə edir.

 

Əziz dostlar, müddətsiz yaradıcılıq göylərin bizə göndərdiyi nemətdir. O, insana daha da yaxşı olmaqda, öz qəlbinin dərinliklərinə varmaqda və ən ali qüvvə olan sevgini özü üçün açmaqda kömək edir.

 

Mən bu imkanı yaratdığına görə Yelena Titovaya təşəkkürümü bildirmək istəyirəm. Sərgi üzərində işləyən hər kəsə təşəkkür edirəm. Bu gün bizimlə olduğunuz üçün hamınıza minnətdaram.


Xəbərə keçid