001.JPG
3 mart 2010

Mehriban Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervordla görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 3-də YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervordla görüşmüşdür.


Qonağı Fondda salamlayan Azərbaycanın birinci xanımı YUNİSEF-in ölkəmizdəki fəaliyyətini dəstəklədiyini bildirmişdir. Fondla YUNİSEF arasında sıx əlaqələrin qurulduğunu bildirən Mehriban xanım Əliyeva bu əməkdaşlığın təsadüfi olmadığını söyləmişdir. Hər iki qurumun əsas məqsədi uşaqlara qayğı göstərməkdən ibarətdir. Uşaqların problemlərinin həll olunması Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətini təşkil edir.


Mehriban xanım Əliyeva YUNİSEF ilə bir çox birgə uğurlu layihələrin həyata keçirildiyini deyərək, gələcəkdə yeni layihələrin reallaşacağına ümidvar olduğunu bildirmişdir.


YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord isə Heydər Əliyev Fondu ilə təmsil etdiyi qurumun arasında bir sıra sahələr üzrə əməkdaşlıq üçün potensialın olduğunu vurğulayaraq, gələcək əməkdaşlıq üçün bir neçə layihənin nəzərdə tutulduğunu da diqqətə çatdırmışdır.


Mehriban Əliyeva YUNİSEF ilə birgə yeni layihələr həyata keçirməyə hazır olduqlarını demişdir. Heydər Əliyev Fondunun irsi qan xəstəlikləri ilə mübarizədə yeni layihələr hazırladığını diqqətə çatdıran Azərbaycanın birinci xanımı bu sahədə YUNİSEF ilə əməkdaşlığın mümkünlüyünü bildirmişdir. Fondun irsi qan xəstəlikləri ilə mübarizədə həyata keçirəcəyi ilk tədbir isə əhalinin maarifləndirilməsidir. Bununla bağlı Fond tərəfindən kitablar, əyani vəsaitlər, video çarxlar hazırlanmışdır. 


FOTO