001.JPG
11 yanvar 2008

Mehriban Əliyeva Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofsla görüşüb

Ölkəmizdə səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvilinin xanımı Sandra Elizabet Rulofs yanvarın 11-də Heydər Əliyev Fondunda olmuşdur.


Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva hörmətli qonağı böyük səmimiyyətlə qarşıladı.

 

Əvvəlcə Azərbaycan və Gürcüstan prezidentlərinin xanımlarının təkbətək görüşü oldu.

 

Sonra görüş geniş tərkibdə davam etdirildi.

 

Mehriban xanım Əliyeva xanım Sandra Elizabet Rulofsu yenidən Bakıda görməkdən məmnunluğunu bildirdi.

 

Gürcüstanda növbədənkənar prezident seçkilərinin uğurla keçməsi münasibətilə təbriklərini çatdıran Mehriban xanım Azərbaycanda qonşu Gürcüstana xoş münasibətin olduğunu və indiki seçkilərin burada da diqqətlə izləndiyini dedi. Azərbaycanın birinci xanımı dost Gürcüstan xalqına uğurlar və firavanlıq arzuladı.

 

Mehriban xanım Əliyeva ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə qonaqlara məlumat verdi. Bildirildi ki, Fondun əsas məqsədləri ulu öndərin zəngin irsini öyrənmək və təbliğ etmək, onun Azərbaycanın tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsilləri məlumatlandırmaq, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdir. Bununla yanaşı, Fond təhsil, səhiyyə, mədəniyyət, elm sahələri ilə də bağlı genişmiqyaslı layihələr hazırlayıb həyata keçirir. Uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşdırılması, valideyn himayəsindən məhrum olan uşaqlara hərtərəfli qayğı göstərilməsi, diabet və talassemiyadan əziyyət çəkən insanlara kömək, yeni məktəblərin tikintisi, əlil uşaqlara informasiya texnologiyaları ilə işləmək vərdişlərinin aşılanması, zəngin mədəniyyətimizin öyrənilməsi, təbliği sahəsində görülmüş işlərdən danışan Mehriban xanım hazırda Talassemiya mərkəzinin tikildiyini də bildirdi.

 

Xanım Sandra Elizabet Rulofsla ötən görüşlərində qarşılıqlı əlaqələrin qurulması, inkişaf etdirilməsi, birgə tədbirlərin həyata keçirilməsi, təcrübə mübadiləsi istiqamətində dəyərli söhbətlər, məsləhətləşmələr apardıqlarını xatırladan Mehriban xanım indiki görüşün də ölkələrimiz, xalqlarımız arasında həmişə yüksək səviyyədə olan münasibətlərə müsbət təsir göstərəcəyinə əminliyini söylədi.

 

Xanım Sandra Elizabet Rulofs xoş sözlərə, hər görüşdə hiss etdiyi səmimi münasibətə görə Mehriban xanıma təşəkkür etdi, özünün də Gürcüstanda qeyri-hökumət təşkilatına rəhbərlik etdiyini vurğulayaraq, bundan sonra da Fondla ikitərəfli əlaqələrin genişlənməsinə çalışacağını bildirdi.

 

Səfər proqramının maraqlı olduğunu, ölkəmizi yaxından tanımaq imkanı əldə edəcəyini bildirən Sandra Elizabet Rulofs Azərbaycanın birinci xanımı ilə görüşdən xoş və zəngin təəssürat aldığını vurğuladı.


FOTO