001.jpg
7 mart 2008

Mehriban Əliyeva Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertone ilə görüşüb

Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertonenin başçılıq etdiyi nümayəndə heyəti martın 7-də Heydər Əliyev Fondunda olmuşdur.


Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verildi.

 

Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir.

 

Kardinal Tarçizio Bertone və nümayəndə heyətinin üzvləri görkəmli şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, ulu öndər haqqında kitablarla tanış oldular.

 

Kardinal Tarçizio Bertone Fondun xatirə kitabına ürək sözlərini yazdı.

 

Sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertone ilə görüşü oldu.

 

Qonağı Heydər Əliyev Fondunda salamlamaqdan məmnun olduğunu bildirən Mehriban xanım Əliyeva Bakıda katolik kilsəsinin rəsmi açılışı münasibətilə onu təbrik etdi.

 

Bakıda katolik kilsəsinin açılmasını tarixi hadisə kimi səciyyələndirən Heydər Əliyev Fondunun prezidenti dedi ki, sakit olmayan dünyada Azərbaycan tolerantlıq baxımından nümunə sayılacaq ölkədir. Azərbaycan paytaxtında katolik kilsəsinin açılması bunun daha bir göstəricisidir.

 

Mehriban xanım xüsusi vurğuladı ki, müxtəlif dinlərə mənsub olan insanlar əsrlər boyu Azərbaycanda dostluq şəraitində yaşamışlar. Azərbaycanda insanlara dininə, dilinə, milliyyətinə, irqinə görə fərq qoyulmur. Bu, həm Azərbaycan xalqının, həm də dövlətin digər dinlərə və millətlərə olan münasibətidir.

 

Səmimi görüşə görə təşəkkürünü bildirən kardinal Tarçizio Bertone Azərbaycana səfərindən aldığı təəssüratları bölüşdü.

 

Vatikanın dövlət katibi Azərbaycanda müşahidə etdiyi tolerantlığı yüksək qiymətləndirərək, müxtəlif dinlərə sitayiş edən insanların dinc, mehriban şəraitdə yaşaması faktını xüsusi vurğuladı.

 

Kardinal Tarçizio Bertone Azərbaycan xalqının və dövlətinin digər millətlərə və dinlərə olan münasibətini yüksək qiymətləndirdi. Bu tolerantlığın Azərbaycan xalqının mentaliteti ilə bağlı olduğunu deyən Vatikanın dövlət katibi ölkə Prezidentinin fəaliyyətində də həmin məqamın aydın göründüyünü bildirdi. 


FOTO