1.jpg
9 mart 2007

Mehriban Əliyeva Türkiyə Respublikası Baş nazirinin xanımı Əminə Ərdoğanla görüşüb

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş nazirinin xanımı Əminə Ərdoğan martın 9-da Heydər Əliyev Fondunda olmuşdur.

 

Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyə Baş nazirinin xanımını və qızı Sümeyyəni səmimiyyətlə qarşıladı.

 

Çay süfrəsi arxasında başlayan söhbət zamanı Mehriban xanım 2004-cü ilin mayında ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi. Bildirdi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə xidmət edən genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar ölkə daxilində və xaricdə aparılan işlərə kömək göstərməkdən ibarətdir. Son 2 ildə respublikanın bütün regionlarında, hətta, indiyədək məktəbi olmayan ən ucqar kəndlərdə Fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb tikilib istifadəyə verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Səhiyyə sahəsində, xüsusilə talassemiya və şəkərli diabetdən əziyyət çəkən xəstələrin müalicəsinə yardım məqsədi ilə genişmiqyaslı layihələr reallaşdırılmış, 4 minə qədər vətəndaşın müalicəsinə kömək göstərilmişdir. Fond həm də elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair bir neçə layihə həyata keçirmiş, ali məktəblərə müxtəlif dillərdə nəşr olunmuş 20 minədək dərslik və digər elmi kitablar alıb hədiyyə etmiş, 29 uşaq evi və internat məktəbinin yenidən qurulmasına dəstək vermişdir.

 

Son illər Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini, gündən-günə möhkəmləndiyini faktlarla vurğulayan Mehriban xanım, Fondun qardaş ölkənin ictimai təşkilatları ilə əlaqələrinin genişlənməsində maraqlı olduğunu bildirmişdir.

 

Hörmətli qonaq Mehriban xanımın və onun rəhbərlik etdiyi Fondun genişmiqyaslı xeyriyyəçilik fəaliyyətini yüksək dəyərləndirdi, ona nəcib işində yeni uğurlar arzuladı.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Türkiyə Baş nazirinin xanımına xatirə hədiyyəsi bağışladı.

 

Mehriban xanım Əliyeva, Türkiyə Baş nazirinin xanımı və onu müşayiət edən qonaqlar Fondun kinosalonunda qurumun fəaliyyətinə həsr olunmuş sənədli filmə baxdılar.


FOTO

Paylaş: